- Azərbaycan Radiosu -100
- Azərbaycan Televiziyası-70

Fəridə Ağazadə,
Mətbuat Şurasının icraçı katibinin müavini
1926-cı il noyabrın 6-sı Azərbaycan tarixində yalnız yeni bir texnologiyanın meydana çıxdığı gün deyil, eyni zamanda milli yaddaşımızın, ictimai düşüncəmizin və söz dünyamızın yeni bir mərhələyə qədəm qoyduğu tarixdir. DANIŞIR BAKI! Həmin gün radio dalğaları vasitəsilə həyatımıza daxil olan o səs zaman keçdikcə bütöv bir xalqı birləşdirən mənəvi körpüyə çevrildi. Bu, milli sözün sərhədləri aşaraq daha geniş auditoriyaya çatmasının, xalqın səsinin uzaq məsafələrdən eşidilməsinin və informasiya məkanımızın formalaşmasının başlanğıcı idi.
Radio ilk gündən insanların gündəlik həyatına nüfuz edən, uzaqları yaxınlaşdıran, fərqli məkanlarda yaşayan insanları eyni səs ətrafında birləşdirən möcüzəli bir vasitə oldu. Bir evdə, bir kənddə, bir şəhərdə səslənən radio verilişi ölkənin başqa guşələrində də dinlənilir, eyni xəbər, eyni musiqi, eyni fikir minlərlə insanın düşüncəsində ortaq duyğuya çevrilirdi. İnsanlar bir-birini görmədən, lakin eyni səsi dinləyərək mənəvi yaxınlıq qururdular. Azərbaycan dilinin ifadə imkanları, xalq musiqisinin ecazkar ahəngi, şairlərin duyğuları, yazıçıların düşüncələri və ziyalıların sözü radio dalğaları ilə evlərə, könüllərə yol tapırdı.
Bu gün adi hesab etdiyimiz mikrofonun arxasında, əslində, bütöv bir tarix, böyük bir məsuliyyət və neçə-neçə insanın fədakar əməyi dayanır. Radio insanlara səsi tanıtdısa, televiziya həmin səsə görüntü, hadisələrə isə canlılıq qazandırdı.
1956-cı il fevralın 14-də Azərbaycan televiziyasının ilk yayımının başlanması ölkəmizin mədəni və ictimai həyatında yeni bir dövrün əsasını qoydu. Ekranda ilk dəfə səslənən Nəcibə Məlikovanın “Göstərir Bakı!” sözləri isə zaman keçdikcə Azərbaycan televiziya tarixinin yaddaşına həkk olundu. Bu, sadəcə ilk yayımın başlanğıcını bildirən ifadə deyildi. Həmin sözlər Azərbaycan insanının özünü yeni bir informasiya və mədəniyyət məkanında görməsinin, öz dünyasını ekran vasitəsilə tanıtmasının rəmzinə çevrildi.
O gündən etibarən televiziya yalnız hadisələri görüntüyə gətirən texniki vasitə olmadı. Ekran xalqın mənəvi dünyasının aynasına, milli mədəniyyətin təbliğatçısına, tarixin canlı salnaməsinə çevrildi. Sənətkarlarımızı, ziyalılarımızı, musiqiçilərimizi, aktyorlarımızı, elm adamlarımızı, tarixi abidələrimizi və müxtəlif bölgələrimizdə yaşanan hadisələri televiziya vasitəsilə daha yaxından tanıdıq. Ekran vasitəsilə milli dəyərlər nəsildən-nəslə ötürüldü, unudulmağa üz tutan adətlər yenidən xatırlandı, xalqın keçmişi ilə bu günü arasında mənəvi bağ yaradıldı.
Bu mənada televiziya və radio əməkdaşlarının fəaliyyəti yalnız bugünkü tamaşaçı və dinləyici üçün veriliş hazırlamaqla məhdudlaşmır. Onlar həm də sabahın tarixini yaradır, gələcək nəsillərə qiymətli sənədli yaddaş miras qoyurlar. Bu gün lentə alınan bir müsahibə, efirdə səslənən bir fikir, hazırlanmış bir reportaj illər sonra tarixçilərin, tədqiqatçıların və öz keçmişini öyrənmək istəyən insanların müraciət edəcəyi mühüm mənbəyə çevrilə bilər.
Məhz bu səbəbdən Azərbaycan Televiziyası və Radiosu Gününün mahiyyətində yalnız peşə bayramı deyil, həm də böyük bir əməyə ehtiram dayanır. Çünki efirdə görünmək heç də hər zaman işin ən çətin tərəfi deyil. Bəzən ən böyük məsuliyyət görünməyən məqamda, kameranın arxasında, montaj otaģında, redaksiya müzakirələrində, bir xəbərin hazırlanması və ya bir insan taleyinin ekran dilinə çevrilməsi prosesində özünü göstərir.
Radio aparıcısının səsindəki məsuliyyətlə televiziya müxbirinin kamera qarşısındakı məsuliyyəti eyni mənəvi qaynaqdan – ictimai etimaddan güc alır. İnsanlar eşitdikləri xəbərə inanır, gördükləri hadisələr əsasında dünyanı dərk edir, baş verənlərə münasibət formalaşdırırlar. Buna görə də hər bir sözün, hər bir kadrın, hər bir informasiyanın arxasında həqiqətə sədaqət, peşəkarlıq və vicdan dayanmalıdır.
Azərbaycanın müstəqillik tarixində radio və televiziyanın üzərinə düşən məsuliyyət xüsusilə böyük olub. Xalqımızın taleyində dönüş nöqtəsi olan, ağır sınaqlarla müşayiət edilən dövrlərdə bu informasiya vasitələrinin əhəmiyyəti daha qabarıq şəkildə üzə çıxıb. Belə məqamlarda cəmiyyət yalnız xəbər almağa deyil, həqiqəti eşitməyə, hadisələrin mahiyyətini anlamağa, etibarlı informasiya mənbəyinə söykənməyə ehtiyac duyur. Efir isə bəzən bir xalqın səsinə, ümidinə, mübarizə ruhuna çevrilir.
44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsinin əhəmiyyəti bir daha təsdiq olundu. Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılması, cəbhədə baş verən hadisələrin obyektiv işıqlandırılması, dezinformasiyalara qarşı mübarizə və milli həmrəyliyin qorunması jurnalistlərin üzərinə misilsiz məsuliyyət qoydu. Həmin günlərdə televiziya və radio təkcə informasiya ötürən vasitə deyil, həm də xalqın döyüş ruhunu, qələbə əzmini və milli birliyini yaşadan mənəvi dayaq idi.
Müharibə dövründə hazırlanan reportajlar, canlı yayımlar, müsahibələr və xüsusi verilişlər bu gün artıq tariximizin mühüm sənədlərinə çevrilib. Çünki həmin materiallar yalnız döyüş meydanında baş verənləri əks etdirmir. Onların hər birində bir xalqın iradəsi, əsgərin qəhrəmanlığı, anaların duası, ailələrin intizarı, arxa cəbhənin fədakarlığı və Zəfərə aparan yolun ağrılı, lakin qürurlu anları yaşayır. Bu materiallar Azərbaycanın Zəfər salnaməsinin informasiya yaddaşını təşkil edir.
Burada bir həqiqəti xüsusi vurğulamaq lazımdır: müharibənin informasiya salnaməsi yalnız efirdə görünən aparıcıların və müxbirlərin əməyindən ibarət deyil. Kamera arxasında dayanan operatorlar, canlı yayımın fasiləsizliyini təmin edən texniki heyət, səs rejissorları, montajçılar, redaktorlar, sürücülər və adları çox vaxt tamaşaçıya məlum olmayan digər əməkdaşlar da bu tarixi missiyanın ayrılmaz iştirakçılarıdır.
Onların bir çoxu ailəsindən, doğmalarından uzaqda, bəzən təhlükəli ərazilərdə, ağır şəraitdə çalışaraq cəbhədən həqiqətləri tamaşaçıya çatdırmaq üçün bütün gücünü səfərbər edirdi. Bəzən sadə bir kadrın çəkilməsi, bir bağlantının qurulması, bir səsin efirə ötürülməsi belə böyük zəhmət və fədakarlıq tələb edirdi. Lakin onlar üçün əsas olan özlərinin görünməsi deyil, xalqın görməsi, eşitməsi və həqiqətdən xəbərdar olması idi.
Məhz buna görə də efirin qəhrəmanları yalnız ekran qarşısında dayananlar deyil. Onlar həm də kameranın arxasında, rejissor pultunun önündə, montaj otağında, səsyazma studiyasında və çəkiliş meydançasında səssizcə çalışan insanlardır. Bəzən adları çəkilmir, simaları ekranda görünmür, lakin onların zəhməti hər bir uğurlu yayımın, hər bir təsirli reportajın və hər bir tarixi kadrın arxasında yaşayır.
Bu gün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Televiziyası və Radiosunun fəaliyyətini yalnız gündəlik efir işi kimi qiymətləndirmək doğru olmaz. Həmin dövrdə yaradılan materiallar gələcək nəsillər üçün qiymətli tarixi salnamə, jurnalistlər və tədqiqatçılar üçün mühüm mənbə, xalqımızın yaddaşı üçün isə əvəzsiz mənəvi sərvətdir. Zaman keçəcək, nəsillər dəyişəcək, lakin həmin günlərin səsi, görüntüsü, həyəcanı və qüruru arxivlərdə yaşayacaq. Gələcək nəsillər o kadrları izləyərkən yalnız hadisələrin xronologiyasını deyil, bütöv bir xalqın ruhunu, mübarizəsini və Zəfərə inamını da görəcəklər.
Efir zamanın səsini qoruyan yaddaşdır. Radio dalğalarında səslənən hər bir söz, televiziya ekranında canlanan hər bir görüntü tarixə düşən bir izdir. Bu izlərin silinməməsi, həqiqətin gələcək nəsillərə olduğu kimi çatdırılması isə media əməkdaşlarının üzərinə düşən ən böyük mənəvi və peşə borcudur.
6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu şərəfli və məsuliyyətli sahədə çalışan bütün həmkarlarımızı ürəkdən təbrik edirik. Mikrofon qarşısında olanlara da, kameranın arxasında görünmədən çalışanlara da, efirin hər anını zəhməti ilə yaşadan bütün əməkdaşlara da möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq ilhamı və yeni peşə uğurları arzulayırıq.
Qoy səslərimiz həmişə həqiqətin, sözümüz milli dəyərlərimizin, görüntülərimiz isə tariximizin keşiyində dayansın. Efirimizin səsi kəsilməsin, yaddaşımızın işığı sönməsin!