Koronavirussayağı gizlənpaç

Hamlet Qasımov, Əməkdar jurnalist
 
Bayaq üst mərtəbədə yaşayan qonşum zəng edib ki, "müəllim, sizdə bir "Xalq oyunları" kitabı vardı, onu ikicə günlüyə mənə verərsiniz?". Gördüm arada bir inildəyir. Soruşdum ki, "nə olub, yoxsa naxoşlamısınız?" Qayıtdı ki, "yox ey, şkafın başından yıxılmışam". İstədim soruşam ki, sən yaşda adam şkafın başında nə edirdi, özü sözə başladı.

"Müəllim, dedi, utanıram da danışmağa, amma danışacağam. Neçə vaxtdı nə uşaq üzü görürük, nə nəvə, nə də qonum-qonşu. Deyirlər "evdə qal", qalırıq. Amma darıxırıq axı. Artıq arvadla evdə uşaq, cavan vaxtı bildiyimiz bütün oyunları oynamışıq. "Dirədöymə"dən tutmuş "uzunqulaq beli"nə kimi, "yeddi daş"dan başlamış "qurşaqtutmaya" qədər... 
Dünən ha fikirləşdiksə yadımıza daha başqa bir oyun sala bilmədik ki, onu oynayaq. Birdən arvad sevincək dedi ki, tapdım, gəl "gizlənpaç"oynayaq. Dedim arvad, ayıbdır, onu iki-üç yaşında uşaqlar oynayır. Əl çəkmədi. Nə isə, oynadıq... O gizləndi mən tapdım, mən gizləndim o tapdı. Gördüm hara girirəm tapıb çıxarır, hardansa yadıma şkafın başı düşdü. Stul çəkib güc-bəla ilə ora çıxdım və dizlərimi qucaqlayıb yanı üstə uzandım. Axtarmadığı yer qalmadı. Tualet, hamam, nədənsə soyuducu... Arada bir-iki dəfə balkona çıxıb aşağı boylandı. Bir də gördüm "Əşrəf, Əşrəf..." deyib ağlayır. Ağlaya-ağlaya gəlib dayandı şkafın yanında. Dözmədim, yazığım gəldi. Əlimi ağzımın yanında tutub yavaşca "ku-ku.." demişdim ki, diksinib necə qışqırdısa qorxumdan özümü saxlaya bilməyib kəlləmayallaq aşdım yerə. İndi ağrımayan yerim yoxdur. Hətta bir-iki saat qabaq oynadığımız "doxtur-doxtur" oyunu da kömək eləmədi. "Skorı"ya da zəng etməyə utanıram ki, deyərlər kişinin başına hava gəlib, şkafa çıxıb. Müəllim, darıxırıq də, nə edək..."
Yazığım gəldi. İstədim dediyi kitabı da tapıb özüm aparıb verəm. Lakin tezcə də fikrimdən daşındım. Dedim orda çoxlu oyunlar haqda hər cür məlumat var. Birdən oxuyarlar və sonra da onu evdə tətbiq edərlər, yenə peşimançılıq olar. Di gəl polisə izahat ver. Eh, bircə bu koronavirus tez qurtarsaydı...