Deputat Prezidentə təşəkkür etdi: “Pandemiyaya qarşı operativ tədbirlər görülməsəydi...”

“...Bu gün virus qarşısında aciz qalan ölkələrdəki oxşar mənzərə bizdə də müşahidə olunardı”

Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası ilə mübarizə bütün mümkün vasitələr istifadə olunmaqla davam etdirilir. Lakin bizdə aparılan mübarizənin digər ölkələrdən fərqli cəhəti və uğurlu nəticələr faktoru ondadır ki, dövlət bu virusun pandemiyaya çevrilməməsi üçün çevik, operativ və önləyici tədbirlər planını müəyyən etdi.

İnsanların sağlamlıqlarının mühafizəsi yönündə vacib addımlar atıldı.  Məhz bu səbəbdən   Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi beynəlxalq səviyyədə ən mütərəqqi və ən insansevər təcrübə kimi dəyərləndirilir. Dövlətimiz üçün başlıca amil isə vətəndaşların sağlamlığıdır. 

“Azərbaycan daxili imkanları hesabına bu virusla mübarizə aparır və inanıram ki, biz mübarizədən qalib çıxacağıq”
Azəraycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.
Bakıda  modul tipli ilk xəstəxana kompleksinin açılmasını yüksək qiymətləndirən millət  vəkili Şahin İsmayılov “Sherg.az”a deyib ki, bu, ölkəmizdə  koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin vətəndaşlarımızın sağlamlığının qorunmasına hesablandığının göstəricisidir:

 "Paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb". 

 Deputat hesab edir ki, Azərbaycanda pandemiyaya qarşı  vaxtında atılmış düzgün addımlar olmasaydı, bu gün virus qarşısında aciz qalan ölkələrdəki oxşar mənzərə bizdə də müşahidə olunardı:

“Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən operativ tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, heç bir donordan asılı olmadan öz daxili imkanları, iqtisadi gücü hesabına bu virusla mübarizə aparır və inanıram ki, biz mübarizədən qalib çıxacağıq. Dövlətimizin apardığı bu mücadilədə bizdən tələb olunan isə çox sadədir: cəmiyyətimizin sağlamlığı naminə evdə qalaq".