Azərbaycan bir addım öndə: Amma “koronavirus qeyb olmayıb, koronavirus dolaşır”


Hə, vəziyyət o qədər də faciəli deyil. Dövlətimizin başçısı haqlıdı: Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. “Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır”.

Bunu Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında dedi.

Gördüyünüz kimi Prezident yenə də narahatlığını gizlətmədi. Bildirdi ki, aprelin 27-dən etibarən yumşalma addımları atmağa başlanıldı. Amma yumşalma tədbirləri başlayan kimi yoluxanların sayı artmağa başladı. “Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar”.

Dövlətimizin başçısı bir daha xalqa müraciət etdi, karantin rejiminin qaydalarına əməl etməyə çağırdı.

Etiraf edək ki, sosial izolyasiya tədbirləri üçün dövlət indiyədək əlindən gələni etdi. Prezident ilk gündən koronavirusun Azərbaycanda pandemiyaya çevrilməsinin qarşısını almaq üçün istənilən tədbirləri gördü, lazım olan vəsaitlər ayrıldı. 


Əslində elə məhz bu tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısı alındı və birinci mərhələdə böyük qələbə çaldıq. Amma sosial izolasiya ilə bağlı böyük bir problem var. Bəziləri baş verənləri qeyri-ciddiyə alır, maska və qoruyucu vasitələrdən istifadə etmirlər. Amma bir məqamı unutmaq lazım deyil ki, dünyanın hegemon dövlətlərinin əlində aciz qaldığı və planet əhalisinin yarısından çoxunun əsir edib karantinə aldığı koronavirusa barmaq arası yanaşmaq da olmaz. 

Düzdür, Azərbaycanda vəziyyət müqayisədə nikbinlik doğurur. Təsəvvür edin, dünya əhalisinin sayı 7 milyard 8 yüz milyonu keçib. Ümumi yoluxanların sayı isə 4 357 791 nəfərdir. Bu isə o deməkdir ki, dünya əhlisinin təxminən hər 1800 nəfərindən biri koronavirusa yoluxub. Azərbaycanda isə bu göstərici iki dəfə yaxşıdır. Çünki Azərbaycanda əhalisinin sayının 10 milyon olduğunu nəzərə salsaq, hər 3700 nəfərdən birinin bu virusa yoluxduğunu görərik. 

Düşmən Ermənistanda isə Azərbaycanla müqayisədə vəziyyət çox gərgindir. Əhalisi təxminən 3 milyon nəfər olan Ermənistanda bu günədək 3700 yoluxma halı qeydə alınıb.  Bu isə o deməkdir ki, ölkədə təxminən hər 800 nəfərdən biri artıq virsua yoluxub.

Rəqəmlərdən də göründüyü kimi müqayisədə yaxşı vəziyyətdəyik. Amma çalışmaq lazımdır ki, bundan sonra səhv buraxmayaq.

Artıq ölkə daxilində tibbi maska istehsalına başlanılıb, apteklərdə də maska qıtlığı aradan qalxıb. Yəni heç bir bəhanə üçün əsas yoxdur. Prezident də haqlı olaraq qeyd edir ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyətli olmasıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Sitat: “Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik”.

Və bütün bunların baş verməməsi üçün Azərbaycan insanından bircə şey tələb olunur: Karantin qaydalarına əməl et, özünü, ailəni, Vətəni qoru!

Səbuhi Məmmədli