Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrə aid xəncər saxlanılır



AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda XVIII əsrə aid xəncər saxlanılır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, xəncərin uzunluğu 46,5 santimetr olub, tiyəsi poladdır, iki tərəfi də kəsəndir. Dəstəyi gümüşə bürünüb. Bir tərəfində ayaq üstə durmuş kişi təsviri, o biri tərəfində nəbati ornamentlər cızma üsulu ilə işlənib. Dəstəyin ucu ağzı açılı vəziyyətdə duran ilan formasındadır. Alt tərəfində arxaya boylanan qurd təsviri həkk olunub. Xəncərin qını taxtadır, üzərinə qırmızı mahud parça çəkilib. Üz tərəfi tamamilə gümüşə bürünüb. Üzərində cızma üsulu ilə əlində saz tutaraq oturan qadın, üz-üzə durmuş iki balıq, budaq üstündə quş, əlində saz tutan kişi, qanad çalan qartal təsvir olunub. Qının ucu dənəvər naxışlı şəbəkə üsulu ilə işlənmiş metal lövhə ilə əhatələnib.

Qeyd olunub ki, fondda qorunan bu tarixi xəncər muzeyin əməkdaşı Tural Nəbiyev tərəfindən bərpa edilib. Xəncər orta əsrlər hərb və etnoqrafiya tariximizi öyrənmək baxımından əhəmiyyətlidir.