Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.
Ağdam rayonundan məcburi köçkünlər Aytəkin Əliyeva, Gültəkin Əliyeva, Gülyaz Əliyeva, Sevda Əliyeva, Aygün Qasımova və Aynurə Əliyeva Prezidentə yazırlar:
“Hörmətli Prezidentimiz, dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Bu çətin dövrdə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir. Əminik ki, uzaqgörənliyinizin və dərin zəkanızın sayəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaq. Qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhfəsini verməkdədir. Gördüyünüz bütün tədbirlər vətəndaş məmnunluğunun artırılmasına hesablanıb. Bunlar xalq-Prezident həmrəyliyini gücləndirir, Sizə olan inamı daha da artırır. Cənab Prezident, bu çətin günlərdə xalqımıza göstərdiyiniz böyük dəstəyə və vətəndaşların sağlamlığını üstün tutduğunuza görə Sizə bütün təhsil işçiləri və məcburi köçkünlər adından təşəkkürümüzü bildiririk”.