Tovuzda 150-dən artıq Qarabağ əlili və veteranına sovqat təqdim edilib



Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən ön cəbhə rayonu olan Tovuz rayonunda 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı münasibətilə bayram sovqatı təqdim edilib.
"Sherg.az" xəbər verir ki, bu ailələrə bayram sovqatı ilə yanaşı millət vəkili Qənirə Paşayeva tərəfindən koronavirusla mübarizə istiqamətində gigiyenik- qoruyucu vasitələr də hədiyyə edilib və COVİD-19 virusu ilə mübarizədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib. Cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir deyən Qənirə Paşayeva Ramazan bayramında Qarabağ müharibəsi əlillərini, qazilərimizi təbrik etmək bizim borcumuzdur deyib, onlara Allahdan bütün arzularına çatmalarını diləyib. Cənab Prezidentimizin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin və dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq deyib. 
Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının Sədri Etibar Vəliyevlə və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyevlə görüşüb, Ramazan bayramlarını təbrik edib. İctimai Birliklərin qayğıları ilə maraqlanan millət vəkili işlərində daha da böyük uğurlar diləyib və hər zaman yanınızdayıq deyib.
Millət vəkili Q.Paşayeva Tovuza səfəri zamanı həmçinin rayon məscidini də ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayonu Dini İcmasının sədri Nəriman İbayev ilə görüşüb və Ramazan bayramı münasibətilə təbrik edib. Gənclərimizin dinimizi doğru şəkildə öyrənməsi, din pərdəsi arxasında öz niyyətlərini həyata keçirmək istəyən xarici güclərin təsir dairəsinə düşməməsinin, dini maarifləndirmənin gənclərimiz arasında vacibliyi ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edib və bəzi aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat təqdim edilib.