"Şənbə və bazar günlərində Covid-19 pandemiyası səbəbindən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı olaraq ictimai asayişi qoruyan polislərin üzərinə böyük yük düşdü. Son iki gündə polisin fəaliyyəti təqdir edilməlidir. Çünki öz həyatını riskə atan polis əməkdaşları həm ictimai asayişi qoruyur, həm də vətəndaşların küçəyə çıxmamaları ilə bağlı tövsiyə xarakterli məlumatları çatdırırdılar".
Bu sözləri “Sherg.az”a Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, pandemiya dövründə, xüsusilə də son iki gündə polisin fədakarlıq göstərməsi, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra etməsilə bağlı yüzlərlə fakt gündəmə gəlib. Digər tərəfdən qeyd etmək lazımdır ki, karantin rejimi zamanı bir neçə polis əməkdaşı xidmət edərkən Azərbaycanın Dövlət himnini eşidən polislərimiz hörmət əlaməti olaraq fərəqətdə duraraq hərbi salam veriblər:
"Bu görüntülərlə fəxr etmək və Azərbaycan polisinin Dövlət himninə münasibəti ilə qürur duymaq olar.
Sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarının birinin həyətində karantin rejimi qaydaları rejimini pozan şəxsi saxlayarkən, həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmişlər.
Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin vətəndaş inzibati tədbir görmüşlər. İstər ümumilikdə pandemiyə dövründə, istərsə də son iki gündə polisin həyata keçirdiyi tədbirlər vətəndaşlar tərəfindən yüksək dəyərləndirilib. Polis əməkdaşlarının fədakarlığını xüsusi olaraq qeyd etmək lazımdır.
Sosial şəbəkələrdə yayılan videolara gəlincə qeyd edə bilərik ki, karantin rejiminə riayət etməyən və evdən çıxan vətəndaşların polis əməkdaşlarına qarşı aşkar şəkildə hörmətsizliyi yolverilməz hal kimi qiymətləndirilir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə yazılan şərhlərin əksəriyyəti polisləri müdafiə etmək xarakteri daşıyır. Bu da onu göstərir ki, vətəndaşlarla polis arasında möhkəm bağlar olması ilə yanaşı, həmrəylik də mövcuddur".