Ənənəvi olaraq, Azərbaycanda uşaqların tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb. İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu, təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir.
Lakin növbəti illərdə Azərbaycanda da kişilərə atalıq məzuniyyəti verilə bilər.
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.
Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış, istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur. Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.
Maraqlıdır, artıq dünyada illərdir ki, tətbiq olunan bu qanunun Azərbaycanda da qəbul edilməsini cəmiyyətimiz necə qarşılayır? Kişilərimiz ödənişli atalıq məzuniyyətinə çıxmağa necə baxırlar? Bu qanun qüvvəyə minsə, atalıq məzuniyyətindən istifadə edənlər olacaqmı?
Axı, "uşağa görə atalıq məzuniyyəti” ifadəsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Halbuki əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə də 14 həftəlik olan atalıq məzuniyyəti məcburidir.
Sözügedən qanun layihəsi ilə bağlı "Şərq"ə açıqlama verən sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda belə bir qanunun qəbulu reallığın tələbiylə aktual bir məsələyə çevrilib:
"Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, münasibətlər dəyişir, insanların istər ailədaxili, istər işdə bu münasibətləri fərqli bir yön alır və buna görə də bir çox məsələlərə yenidən baxılmasına ehtiyac yaranır. Bütün bu dəyişikliklərin fonunda "atalıq məzuniyyəti”nə də ehtiyac yaranıb. Əvvəllər Azərbaycan ailələri böyük olurdu.
Qayınanalar, bibilər, xalalar uşağı olan qadına kömək edirdi. Bu zaman da atanın köməyinə ehtiyac olmurdu. İndi isə ailələr "cırtdan"laşıb. Əvvəlki kimi qohum-qonşular da bir-birinə kömək etmir. Əksər vaxt xəstəxanadan çıxan qadının həyat yoldaşından başqa köməkçisi olmur. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsinin qəbul olunacağına ümid edirəm. Təbii ki, evdə yoldaşının köməyi olan kişilər bu məzuniyyətdən istifadə etməyəcək. Ehtiyacı olan kişilər isə bu qanundan faydalanacaq".
Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, qanunvericiliyə nəzərdə tutulan bu dəyişiklik eyni zamanda icra mexanizminə malikdir. Deputatın sözlərinə görə, bütün hallarda atalıq məzuniyyətindən istifadə edənlərin sayının elə də çox olmayacağını indidən proqnozlaşdırmaq mümkündür.
“Çünki Azərbaycanda atalıq və analıq məzuniyyətinə mental konseptdən yanaşma Avropa ölkələrindən fərqlidir. Bu həqiqətdir ki, Avropa ölkələrində atalıq məzuniyyəti çox yayılıb. Azərbaycanda isə bu hal geniş yayılmayacaq. Çünki Avropa ölkələrində uşağa həm ata, həm də ana baxır. Ancaq ölkəmizdə əsasən uşağın böyüdülməsinə ana nəzarət edir. Ənənəvi olaraq Azərbaycanda uşaqların qayğısını analar çəkir”.
İqtisadçı qeyd edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, bu tip imkanların vətəndaşlara verilməsinə ehtiyac var idi: “Kimin bu hüquqdan istifadə edəcəyi isə artıq onun şəxsi istəyindən asılıdır”.