Yeganə çıxış yolu karantin qaydalarının yumşaldılmasıdır
İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etsinlər, amma özlərini həbsdəki kimi hiss etməsinlər
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə ötən həftəsonu küçəyə çıxmaq qadağası tətbiq olundu. Lakin xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Operativ Qərargahın tətbiq etdiyi iki günlük rejim özünü doğrultmadı.
Həftə sonu vətəndaşlara hərəkət məhdudiyyəti qoyulduğundan ərzaq tədarükü üçün insanlar cümə günü mağazalara axın etdi. Bir yandan sıxlıq, bir yandan çörək qıtlığı vətəndaşlar arasında ciddi ajiotaj yaratdı. Xüsusilə çörək növbələrində sosial məsafə qaydaları kobudcasına pozuldu. Nəinki sosial məsafə, əxlaq qaydaları belə tamamilə unuduldu.
Cümə günü marketlərdə yaşanan biabırçılığı dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq"ə açıqlamasında deyib ki, bu yaşananlara səbəb Operativ Qərargahın düşünülməmiş qərarıdır:
"Operativ Qərargah mayın 18-dən başlayaraq yumşalma ilə bağlı müəyyən addımlar atdı. Bunu da həmin vaxt virusun yayılma sürətinin azalması, pandemiya təhlükəsinin stabilləşməsi ilə əsaslandırdılar. Bu qərarla həm də ölkədə iqtisadi aktivliyin artması, insanların açıq havada daha çox gəzib, günəş şüası alıb immunitetlərinin möhkəmlənməsinə səbəb olacağı məntiqini gündəmə gətirdilər. Həqiqətən də immunitetin güclənməsi üçün açıq hava, D vitamini şərtdir. Amma yumşalma tədbirləri bununla bitmədi. Bir müddət sonra isə kafe, restoran, çayxanaların saat 22:00-a qədər işləməsi ilə bağlı qərar qəbul etdilər.
Aradan 3 gün keçəndən sonra da həddindən artıq sərt karantin rejimi elan etməklə aləmi bir-birinə qatdılar. Dünyanın heç bir ölkəsində pandemiya ilə bağlı bu cür sərt qaydalar qəbul olunmayıb. Qərarın icrasından əvvəl Operativ Qərargah məntiqi izahını verməli idi. Şəxsən mən həftə sonları ilə bağlı karantin qaydalarının bu qədər sərtləşdirilməsini düzgün hesab etmirəm.
Belə qərarlardansa, harada səhv etdiklərini axtarıb tapsınlar. Bəlkə böyük ticarət mərkəzlərinin, "Moll"arın açılması yanlış qərardı? Yaxud da qapalı kafe və restoranları bağlamaq lazım idi? Bütün məhdudiyyətləri aradan qaldırıb, sonradan daha sərt karantin rejimi tətbiq etməyin bu cür ajiotaja səbəb olacağını əvvəlcədən ehtimal etmək lazım idi".
N.Cəfərlinin sözlərinin görə, ən sərt karantin rejimi tətbiq edilən ölkələrdə belə apteklərlə çörək sexləri, dükanları fasiləsiz işləyib. Vətəndaşların zibil atması ilə bağlı qoyulan məhdudiyyət də doğru yanaşma deyildi. Ərzaq dükanlarının müəyyən saatlarda işləməsinə icazə verilməli idi:
"Ortada ən azından Türkiyə təcrübəsi vardı və ondan faydalanmaq olardı. Niyə insanlara çölə çıxmağa icazə verilmir? İnsanlar təkcə koronavirusdan əziyyət çəkmir ki? Evdən çölə çıxmağa qadağa qoyulanda xəstəlikəri olan insanları da nəzərə almalı idilər. Dializ, kimya terapiyası alan insanlar var ki, mütəmadi olaraq müayinə olunmalıdır. Eyni zamanda digər xroniki xəstəliyi olan insanların tibbi xidmətə çıxışları olmalı idi.
"Kimin nə şikayəti olsa, "103" xidmətinə zəng vursun" elanı absurddur. Hər başı, dişi ağrıyanın təcili yardıma müraciət edib dərman tələb etməsi düzgün deyil. Onların öz işi, öz məsuliyyəti var".
N.Cəfərlinin fikrincə, son günlər baş verən hadisələrdən nəticə çıxarmaq lazımdır:
"Düşünülməmiş qəbul edilən karantin qaydaları göstərdi ki, insanları zorla evdə saxlamaq ciddi ajiotaja səbəb olur. 4-cü və 5-ci günlər mağazalarda heç kəs sosial məsafə gözləmədi. Heç maska taxan da yox idi. Çox təəssüflər olsun ki, biz bunun acı nəticəsini 10 gün sonra görəcəyik. Bizdən daha çox yoluxma və ölüm sayı qat-qat çox olan ölkələrdə belə karantin rejimi ləğv edilir. Axı isti havada əhalinin çölə çıxmasına icazə verməmək nə qədər doğrudur?! Bu, həm səhhətə, həm də psixologiyaya ziyandır. Odur ki, yeganə çıxış yolu karantin qaydalarının yumşaldılmasıdır. İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etsinlər, amma özlərini həbsdəki kimi hiss etməsinlər. Heç olmasa həftə sonları qapalı restoranları, "Moll"ları bağlasınlar. İnsanlar açıq parklarda, bulvarda gəzib hava alsınlar".