“İzolyasiya qaydaları insanlarımızın sağlamlığı üçündür” – ƏMƏL EDƏK! 

“Bu qədər maariflənmələr aparılır, amma yenə bu azlıq edir”

“Görünür yenə də izolyasiya qaydalarına riayət etməklə bağlı maarifləndirmə işləri gücləndiriləcək və daha sərt qaydalar qoyulacaq”



Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb. Dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.

Lakin hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Milli və qlobal səylərə rəğmən, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb.

Bu mənada  pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.  
COVİD -19, koronavirusla mübarizədə hər bir vətəndaşımızı daha məsuliyyətli olmağa, qayda və qanunlara əməl etməyə, maska taxmağa, sosial məsafəni qorumağa, gigiyenik qaydalara daha çox əməl etməyə, ciddi ehtiyac olmadığı halda küçəyə çıxmamağa çağırırıq. Çünki yoluxmanın sürətlə qarşısının alınmasının tək yolu vətəndaşlarımızın bu qayda və qanunlara əməl etməsindən asılıdır.



Sosioloq Zəminə Səfərovanın “Sherg.az”a açıqlamasına görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə ciddi tədbirlər davam etdirilsə də  bəzi insanlar hələ də, belə bir virusun varlığına şübhə edirlər. Bu isə bəzən gülünc bir mənzərə yaranmasına səbəb olur: 

"Tətbiq edilən izolyasiya qaydaları içərisində xüsusi vurğulanan məqamlardan biri tibbi maskalardan istifadənin vacibliyidir.  Virusun yayılma ehtimalının daha böyük olduğu ictimai nəqliyyat vasitələrində maskalardan istifadə məcburi elan edilsə də, hələ də bəzi sərnişinlərin maska taxmaqdan boyun qaçıranların min cür bəhanələrin gətirilməsinin şahidi oluruq.

Əhali dərk etməlidir ki, ölkədə tətbiq edilən izolyasiya qaydaları insanlarımızın sağlamlığı üçündür. Bu qaydalara nə qədər ciddi şəkildə əməl olunarsa, biz koronavirus adlı bəladan daha tez yaxa qurtara bilərik.

Evdən bayıra çıxan hər kəs bir nəfər kimi  məsuliyyət hiss edərək qaydalara qeyri-şərtsiz əməl etməlidir. Qaydalara əməl etməyən evdə qalsa yaxşıdır. Əgər biz bu qaydalara  əməl etməriksə, yoluxma davam edəcək və virusun sürətlə yayılmasının qarşısı alınmayacaq. Ona görə də pandemiyaya qarşı cərimələrin sayını və miqdarını artırmaqla mübarizə aparmaq lazımdır ki, yoluxma həddi bu qədər artmasın".

Sosioloqun sözlərinə görə, daha çox ictimai nəqliyyatda məsafəni gözləməmək, sıxlıq yaratmaq, maska taxmamaq, dezinfeksiya vasitələrindən istifadə etməmək virusun daha çox yayılmasına və təhlükənin gec sovuşmasına səbəb olur.Ona görə də biz bir daha məsuliyyətli olmalıyıq:

"İlk növbədə biz maskalardan istifadə etməliyik, şəxsi gigiyenik qaydalara əməl etməliyik, sosial məsafə saxlamalıyıq. Qanunla maskadan istifadə etməməyə görə cərimə tətbiq edilir. Utandırıcı haldır ki,qaydalar haqqında uşaqlara deyil yuxarı yaşlı insanlara dəfələrlə deyilir, lakin əməl olunmur. Əgər biz bu gün bu  qaydalara əməl etmiriksə sabah  övladlarımız bizə necə baxacaq? Axı uşaqlar böyüklərdən nümunə götürürlər. Bəzi insanlar hələ də bu virusun varlığına şübhə ilə yanaşırlar.

Çünki onun yaxını, qohumu, dostu yoluxmayıb ona görə. Belə düşünmək həqiqətən də çox gülüncdür. Əgər sənin yaxınında xəstələnən yoxdursa, bu o demək deyil ki, belə bir xəstəlik mövcud deyil. Azərbaycanda karantin tədbirlərinin həyata keçirilməsi vaxtında aparılmasaydı,virusun kütləvi yayılmasının qarşısı çətinliklə alınardı. Biraz yumşalmadan sonra əhali şəhərin mərkəzi küçələrinə axın etdilər. Əksəriyyəti də maskasız, sosial məsafəsiz. İctimai nəqliyyatlarda, marketlərdə daha acınacaqlı vəziyyətlər yarandı.

Hamımız bunun şahidi olduq. Yaxşı olardı ictimai nəqliyyatlardan istifadə edən sərnişinlərə ciddi nəzarət edilsin. Bu nəzarəti sən-mən-o hamı etməlidir. Bu qədər maariflənmələr aparılır, amma yenə bu azlıq edir, görünür yenə də izolyasiya qaydalarına riayət etməklə bağlı maarifləndirmə işləri gücləndiriləcək və daha sərt qaydalar qoyulacaq.

Kütləvi informasiya vasitələri karantin qaydalarına riayət etməklə bağlı ciddi maarifləndirmələr aparmalıdırlar. Günün xüsusi saatlarında bununla bağlı TV kanallarda, sosial şəbəkələrdə yazılar, videoroliklər paylaşılmalıdır.Yoluxanlar barədə, onların ailələri barədə reportajlar hazırlanmalıdır ki, insanlar daha məsuliyyətli olsunlar. Belə olduqda tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etmək avtobusa minən sərnişinin daha tez yadına düşər və onlar da buna riayət edərlər".