“Rəqəmsal Jurnalistikaya doğru” proqramı elektron mediaya yardımçı olacaq”

“Söhbət ondan gedir ki, media “online” rejimdə öz ehtiyaclarını necə ödəyəcək, eyni zamanda, cəmiyyət üçün hansı formada faydalı iş əmsalı ortaya qoyacaqdır” 

“Bu mənada bu proqramın reallaşamasını indiki situasiyada yüksək dəyərləndirirəm”




Son dövrlərdə Rəqəmsal Xidmət sahəsində fəaliyyət güclənib. Bu məqsədlə, yeni yanaşmalar tətbiq olunur və yeni xidmətlər vətəndaşların istifadəsinə verilir. Əsas məqsədi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti birbaşa olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ xidmətlərin tətbiqinə bağlıdır.

Lakin, bu xidmətlərin hədəf auditoriyasına, yəni vətəndaşlara düzgün və vaxtında çatdırılmasında jurnalistlərin rolu böyükdür. Mərkəz hazırda uzunmüddətli perspektivdə elektronlaşma və rəqəmsal xidmətlər haqqında jurnalistlərin təlimləndirilməsi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına hədəflənib. 

Mərkəzin təşkilatçılığı ilə reallaşdırılacaq “Rəqəmsal Jurnalistikaya doğru” proqramının  sponsoru  “Paşa Holdinq”dir. 
Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.




Məsələyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov “Sherg.az”a  prosesin mövcud geosiyasi zərurətdən yarandığını qeyd edib:

“Bilirsiniz ki, bütün dünya 6 aydır ki, koronavirusdan əziyyət çəkin. Dünyanın supergücləri belə COVID-19-un qarşısında aciz qaldılar. Bu proses onu göstərdi ki, hələ görüləsi çox işlər, tətbiq olunmal çox yeniliklər var. Ancaq ən əsası bütün sahələrin elektronlaşdırılması, rəqəmsal mühitə transfer edilməsi zərurəti yarandı. Sevindirici haldır ki, Prezident İlham Əliyevin birbaşa göstərişi və təşəbbüsü ilə son 10 ildə ölkəmizdə bu sahədə ciddi işlər görülüb, müxtəlif proqramlar qəbul edilibdir. Hazırda da Rabitəvə Yüksək Texnologiyalar Nazirliyi də bu istiqamətdə ciddi işlər görür. Bəzi layihələr vardır ki, pandemiya onların tətbiqini tezləşdirdi.

Bunlardan biri də Rəqəmsal Jurnalistika ilə bağlıdır. Düzdür, 2005-ci ildən bu tərəfə KİV-lərin elektron mediaya transformasiyası başladı, bu gün də proses davam edir. Lakin bu proses bir qədər kortəbii, nəzarətsiz və ləng formada getdi. Ancaq proses gedir və bunun qarşısını almaq mümkün deyil, hətta deyərdim ki, lazım da deyil. Bu geoasiyası çağırışıların tərkib hissəsidir. Əgər biz dövlətimizin, cəmiyyətimizin inkişafını istəyiriksə bütün müsbət qlobal çağırışlara adekvat addımlar atmalıyıq.

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı isə bu prosesi peşəkar müstəviyə çıxarmaq, yeni çağırışların tətbiqində elektron mediaya yardımçı olmaq məqsədi daşıyır. Söhbət ondan gedir ki, media “online” rejimdə öz ehtiyaclarını necə ödəyəcək, eyni zamanda, cəmiyyət üçün hansı formada faydalı iş əmsalı ortaya qoyacaqdır. Bu mənada bu proqramıən reallaşamasını indiki situasiyada yüksək dəyərləndirirəm”.