“Doğurdan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümumi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında iştirak edən ölkə rəhbəri bir sıra mühüm məsələlərə toxunub.
Prezidentin nitqi ölkəmizdə koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri və liderlik fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik və digər məsələləri əhatə edib.
Dövlət başçısının diqqət yönəltdiyi məsələləri şərh edən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, koronovirus pandemiyası bütün dünyada dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu. Sosial- iqtisadi sferadan başlamış, səhiyyəyə qədər bütün sahələrdə mövcud olan problemləri isə daha da dərinləşdirdi:
"Operativ və effektiv tədbirlər görə bilməyən yaxud görmək imkanları olmayan ölkələrdə koronavirus sözün tam mənasında bir fəlakətə çevrildi və təəssüf ki , bu proses hələ də davam edir. Bu müqayisədə bir də Azərbaycan təcrübəsinə baxdıqda onun ən nümunəvi təcrübələrdən biri olduğu ortaya çıxır. COVİD- 19 infeksiyası başlayandan bəri ölkəmizdə koronovirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı. Dövlətin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır. Bunlardan birincisi dövlətin, ikincisi cəmiyyətin davranışları və üçüncüsü alınan tədbirlərin doğruluq payının dərəcəsidir".
Azərbaycanda hər üç istiqamət üzrə işlərin düzgün təşkil edildiyini vurğulayan deputat qeyd edib ki, Prezident İlham Əliyevin iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronovirusa qarşı aparılan mübarizənin nə qədər effektli olduğunu göstərmiş oldu:
"Hər şeydən öncə qeyd etmək lazımdır ki,yeni açılan xəstəxanalar COVİD-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatını yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artırılmasıdır ki bu da özlüyündə mühüm hadisədir. Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər qalxacaq".
Millət vəkilinin sözlərinə görə, elə koronavirusa qarşı mübarizədə ən mühüm məsələlərdən biri də xalqın öz dövlətinin yanında olmasıdır ki, Azərbaycan Prezidenti bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılmasına rəğmən vətəndaşlarımız və sahibkarlarımız da bu prosesə qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər:
"Sevindirici haldır ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğurdan da bu hadisə vətəndaş dövlət həmrəyliyinin ümumi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir . Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir".
H. Babaoğlunun sözlərinə görə, qeyd olunanlarla bərabər əldə etdiyimiz uğurlar müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır. Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür:
"Bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq . Bu faktların özü özlüyndə bir obyektiv qiymətləndirmədi və Azərbaycanda koronovirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki , arxayınlıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki , bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq".