“Sağlamlığın qorunması üçün təhlükəsizlik tədbirlərinə riayət etməliyik” 

“İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik”


Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olurdu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı artıq başlanmışdı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Bundan sonra, Operativ Qərargah yenidən karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı müəyyən qərarlar verməyə məcbur oldu. 

Daha dəqiq desək, hər gün bir az daha artan son yoluxma sayı həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi  zərurətini yaratdı. 

Sözügedən qadağalarla bağlı “Sherg.az”a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli hesab edir ki, həftəsonu tətbiq olunmuş sərt karantin rejimindən sonra biz yenidən insanların sağlamlığının qorunması üçün lazım olan təhlükəsizlik tədbirlərinə riayət etməliyik. 
 Koronavirusun yayılmasının qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanılmasının  önəmini vurğulayan deputat deyib ki, ikinci əsas məsələ qoruyucu vasitələrdən istifadədir:

 “İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik. Eyni zamanda evə geri döndükdən sonra tibbi spirt və digər dezinfeksiyaedici məhsullardan istifadə də mühümdür. 

Digər vacib məsələlərdən biri isə ehtiyac olmadıqca alış-veriş məkanlarına, ictimai-iaşə obyektlərinə getmək və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulmasıdır. Sağlamlıqla bağlı ciddi problem olanda isə tibb müəssisələrinə müraciət edilməlidir. Bunlar da insanların sıx toplaşdığı məkandır.

Bu məkanlarda virusdan qorunma qaydalarına sərt karantin qaydalarının tətbiq olunmadığı günlərdə belə diqqətlə yanaşmaq lazımdır. Əgər bu deyilənlərə tam şəkildə əməl olunarsa, alternativ üsullara əl atmağa ehtiyac qalmayacaq”.