"Elə Azərbaycan hökumətinin də qəbul etdiyi bütün qərarlar və tətbiq edilən karantin rejimi məhz bu məqsədlərə xidmət edir”
Dünyanın 200-dən çox ölkəsində yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasını şərtləndirib. Pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itkiyə məruz qalıblar, vətəndaşların rifahı və sağlamlığının qorunmasına mümkün qədər nail olmağı bacarıblar.
Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət mərkəzindədir. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.
Ayrı- ayrı qəsəbələrdə tikilən Üç modul tipli xəstəxananın açılışında iştirak edən Prezident İlham Əliyev də açılış nitqində bir daha koronavirusa qarşıhəyata keçirilən mübarizə tədbirlərindən danışıb.
Azərbaycan dövlətinin mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni etdiyini vurğulayan ölkə rəhbərinin çıxışı
ölkəmizdə koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri və liderlik fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik və digər məsələləri əhatə edib.
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunmasıİctimai Birliyi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski də “Sherg.az”a açıqlamasında koronavirusa qarşı mübarizə çərçivəsində dövlətimiz tərəfindən epidemiyanın qarşısının alınması ilə bağlı bir sıra mühüm tədbirlərin görüldüyünü və bu sahədə işlərin davam etdirilməsindən danışıb. Bu isə heç də səbəbsiz deyil. Çünki mövcud vəziyyətdə hər bir dövlətin ilk növbədə istəyi və əsas məqsədi vətəndaşlarının sağlamlıqlarını qorumaqdır:
"Elə Azərbaycan hökumətinin də qəbul etdiyi bütün qərarlar və tətbiq edilən karantin rejimi məhz bu məqsədlərə xidmət edir.
Dünyanın demək olar ki, bütün ölkələrində məlum virusa yoluxma və ölüm halları baş verib. Hətta ən qüdrətli, inkişaf etmiş dövlətləri belə bu yeni növ koronavirusun gözlənilməz dalğasına tuş gəldi. Bu gün üçün say olaraq 7 milyondan çox insan bu xəstəliyə yoluxmuş, onlardan 420 mini dünyasını dəyişmişdir. Ən əsası isə odur ki, bu say artmaqda davam edir. Deməli, təhlükə hələ də mövcuddur və yoluxma hallarının qarşısının alınması üçün əlbəttə ki, tədbirlər görülməli və cəmiyyətdə vətəndaşlarımız arasında maarifləndirmə işlərinin aparılması davam etdirilməlidir".
QHT sədrinin sözlərinə görə, pandemiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkə ərazisində fəaliyyət göstərən bir çox İctimai Birliklər də aktivlik nümayiş etdirdilər:
"Bu istiqamətdə Azərbaycan hökumətinin Koronavirusun yayılma təhlükəsinin qarşısının alınmasına yönəlmiş tədbirlərinə dəstək olaraq QHT-lər sosial layihələr həyata keçirirlər. Bundan başqa Şuranın başlatdığı bir sıra aksiyalar da öz əhəmiyyətliliyi baxımından olduqca vacib sayıla bilər. Bunlardan COVİID-19 pandemiyasına həsr olunan onlayn konfranslar, qanvermə aksiyası, “Evdə qalaq, bilgi alaq”, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi və həftəsonu günləri üçün tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar #evdəyəm adlı ictimai kampaniya və s.qeyd etmək olar. Əminəm ki, İctimai Birliklər bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydaların tətbiqi üçün lazımi təşkilati dəstəyi verməyə hazırdırlar.
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi olaraq, biz də daim vətəndaşlarımızı maarifləndirməyə davam edirik. Tərəfimizdən sosial layihələr həyata keçirilir, yardımlar göstərilir. Bununla yanaşı mətbuatda və sosial şəbəkədə mövcud vəziyyətlə bağlı daim cəmiyyətin məlumatlandırılması sahəsində yazılarımız nəşr olunur.
Azərbaycan xalqı milli və mənəvi dəyərlərlə zəngin bir xalqdır. Tarixin çətin məqamlarında dözümlülük, mübarizlik nümayiş etdirmiş və birlik olmuşdur. Çox inanıram ki, bu məsələdə də bütün vətəndaşlarımız tam məsuliyyəti dərk edərək, dövlətimizin Koronavirusa yoluxma hallarının qarşısının alınmasına yönəlmiş qaydalarına tam riayət edəcəklər. Biz birlikdə, yalnız bir olaraq bu çətinliyin qarşısını alara bilərik".