SENSASİON İDDİA: "Virus rayonlarda nəzarətdən çıxa bilər”

“Rayonlara yollar açılmazdan əvvəl əhalinin karantin vərdişlərinə yiyələnməsi lazımdır”  

“Xəstəliyin əsas mənbəyi  insan  olduğundan rastlaşdığımız hər kəsə təhlükə mənbəyi kimi baxmalıyıq” 


14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt və Yevlax şəhərlərində, Abşeron, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Verilən qərardan sonra daha 4 rayonda karantin-nəzarət postları qurulub.
Həftəsonu yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa və daxili uçuşların iyunun 18-dən bərpa edilməsi fonunda insanlara rayonlara getməyə icazə verilməsi aktuallaşıb. Müzakirələrdə paytaxtdan çıxışla bağlı qadağanın götürülməsi təklif olunur ki, bu da insanların açıq havada, təbiətdə, kənddə gəzməklə təmas və yoluxma ehtimalını azaltmaq fikrini gündəmə gətirir. Bununla paytaxtın yükü azalmış və virusun yayılma arealı aşağı düşmüş olar.



Tibb elmləri doktoru, professor  Adil Qeybulla “Sherg.az”a açıqlamasında  sözügedən qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini deyib. Ölkədə epidemoloji  coğrafiya genişlənməsin deyə Abşeron yarımadasının xüsusi  karantin rejimində olduğunu vurğulayan professorun sözlərinə görə, rayonlarda koronavirus infeksiyasının daşıyıcıları  az olduğundan gediş- gəlişin məhdudlaşdırılması məqbuldur:

 "Rayonlara yol açılsa, paytaxt sakinləri kütləvi şəkildə bölgələrə axın edəcək. Bu gün payxtaxtda risk faktoru böyük olmasına baxmayaraq insanların 95 faizi maskasız gəzir, sosial məsafəni gözləmir.
 Əksəriyyətin karantin qaydalarını pozması isə  yoluxma potensialını artırır. 

Yaxın günlərdə bunun şahidi olacaqsınız.

Bu qədər potensial virus daşıyıcısının rayonlara getməsi və infeksiyanı yayması respublika üzrə ciddi problemə səbəb ola bilər. 

Ona görə də rayonlara yollar açılmazdan əvvəl əhalinin karantin vərdişlərinə yiyələnməsi lazımdır.  Rayonlarda fəaliyyət göstərən istirahət mərkəzləri, restoranlarla bağlı xüsusi təlimatlar olmalıdır. İnsanların əvvəlki kimi sərbəst gəzməyinə, bir araya toplaşıb əyləncələr keçirməyinə imkan verilməməlidir. 
Əks halda virus rayonlarda nəzarətdən çıxa bilər. Xəstəliyin əsas mənbəyi  insan  olduğundan rastlaşdığımız hər kəsə təhlükə mənbəyi kimi baxmalıyıq. 
Əhalinin davranışı və karantin qaydalarına başdansovdu münasibəti fonunda Bakı əhalisinin 70 faizi artıq  koronavirusa yoluxmuş ola bilər".