“Paşinyan erməniləri aldadır” 

“Məqsəd koronavirusa qarşı apardığı bərbad siyasəti malalamaq, erməni xalqının qəzəbini soyutmaqdır”

“Erməni baş nazir həmişə olduğu kimi bu dəfə də səmimi deyildi"



"2020-ci il iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirilib.  Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasındadır. Videokonfrans formatında Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir".  

Bu sözləri “Sherg.az”a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov  deyib.  
Bu günə kimi, Azərbaycanın Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını vurğulayan politoloq bildirib ki, hazırda konstruktiv əməkdaşlıq şəraitində Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir: 

"Xüsusilə qeyd etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarətinin təqribən 50 faiz Avropa İttifaqı üzv dövlətlərinin payına düşür. Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. 
Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayaraq enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini də təmin etmiş olacağıq. Azərbaycan 3500 kilometrlik boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi tikintisinin təşəbbüskarı olmuş və bu layihənin maliyyələşdirilməsində yaxından iştirak etmişdir. Cənub Qaz Dəhlizi həm Azərbaycanı Avropa İttifaqı bazarına bağlayacaq, həm də Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradacaq".
İ.Hüseynovun sözlərinə görə, sammitdə digər diqqətçəkən məqam, Prezident İlham Əliyevin növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi oldu:

"Prezident öz çıxışında Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinə, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğuladı və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib. 
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğalda saxlamaqda davam edir. Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məçburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir.

Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. “Dağlıq Qarabağ Azərbaycandır!” və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu xüsusda Prezident 2018-ci ildə Brüsseldə paraflanmış Azərbaycan-Avropa Tərəfdaşlıq Prioritetləri sənədinə toxunaraq bildirib ki, sənəddə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib".

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışına isterik tərzdə reaksiya verməsinə gəldikdə isə politoloq deyib ki, N.Paşinyan həm gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışmağa başlayıb: " Xüsusilə Nikol Paşinyanın erməni dilində danışığı videokonfrans iştirakçılarında çaşqınlıq yaratmış və istehza ilə qarşılanıb. Bir müddət sonra tərcüməçi Nikol Paşinyanın dadına çatıb.  Qeyd edək ki, Nikol Paşinyan ingilis dilində “danışarkən” “Dağlıq Qarabağ münaqişəsi”, erməni dilində danışarkən isə “Artsax” ifadəsi işlətmişdir. Bu isə bir daha onu göstərir ki, Ermənistanda hələ də münaqişənin adının nə olduğunu bilmirlər.

Prezident İlham Əliyevin çıxışına cavab verməyə çalışan Nikol Paşinyan Aşqabatda Müstəqil Dövlətlər Birliyinin Zirvə görüşündə və Münxen Təhlükəsizlik Konfransında olduğu kimi özünü gülünc vəziyyətə qoyub. Paşinyan Avropa İnsan Haqları Məhkəməsinin R.Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırmış və utanmadan iştirakçıları aldatmağa cəhd etmişdir. Açıq-aşkar yalançılıq etməklə N.Paşinyan öz-özünü bir daha ifşa etdi. Belə ki, onun dediklərinin əksinə olaraq Məhkəmə Azərbaycan dövlətini baş vermiş hadisədə müqəssir bilməyib. Azərbaycan Paşinyanın iddia etdiyi kimi guya irqçilikdə ittiham edilməmiş və dövlət məsuliyyəti müəyyən edilməyib. Bu hal fərdi əsasda baş vermiş davranış kimi qiymətləndirilib. 
Prezident İlham Əliyev bir daha söz götürərək səlis və mükəmməl ingilis dilində faktlara əsaslanaraq N.Paşinyanın yalanlarını ifşa edib. Bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Ermənistanın baş nazirinə terrorçuluq haqqında danışanda öz yaxın tarixinə baxsa daha yaxşı olar. Çünki erməni terrorçuları dünyaca məşhurdular. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv edilib. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit durmalıdır".     

İ.Hüseynov hesab edir ki, Nikol Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun küçə adamı olaraq qaldığını nümayiş etdirdi. Onun sözlərinə görə, Nikol Paşinyan öz çıxışı ilə bir daha göstərdi ki, mitinqlərdə çıxış etməklə bu səviyyəli konfranslarda çıxış etmək, dövlət idarəçiliyi tamamilə ayrı-ayrı şeylərdir: 

" Nikol Paşinyan çıxışında Avropa İttifaqının koronavirusla bağlı Ermənistana 92 milyon avro həcmində yardım ayırmasını yüksək qiymətləndirib. Bununla Ermənistan bir daha xaricdən yardım diləndiyini nümayiş etdirib. Azərbaycan Prezidenti isə öz çıxışında bildirmişdir ki, Azərbaycan bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. 

Elə təkcə bu fakt Azərbaycanla Ermənistanın fərqini yaxşı izah etməkdə bizə kömək edir. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlıq edir. Ermənistan isə bu formatda əməkdaşlığa dilənçilik imkanı kimi baxır.

Digər maraqlı məqam ondan ibarətdir ki, Nikol Paşinyanın videokonfransda maska ilə oturması da bir sıra suallar doğurur. Nikol Paşinyan guya özünün koronavirusa yoluxmasını bildirməklə əslində erməni xalqını aldadıb. Məqsəd koronavirusa qarşı apardığı bərbad siyasəti malalamaq, erməni xalqının qəzəbini soyutmaqdır. Nikol Paşinyan həmişə olduğu kimi bu dəfə də səmimi deyildi".