Nəticə çıxarmalıyıq !- “Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz”

“O cür  acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir” 



Koronavirusa qarşı  mübarizə çərçivəsində  dövlətimiz tərəfindən epidemiyanın qarşısının alınması ilə bağlı  bir sıra mühüm tədbirlər görülüb. Bu sahədə işlər hələ də  davam etdirilir. Lakin  bəzi vətəndaşlarımızın karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozması

nəticəsində yoluxma sayının artması ölkədə xoşagəlməz   hal yaradıb.
 Məhz vətəndaşların qaydalara riayət etməməsi  nəticəsində  vəziyyət yenidən mənfiyə doğru inkişaf etməyə başladı. 
COVİD-19-a yoluxma hallarının sayının artması isəç ölkədə yenidən  məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi zərurəti yaratdı. 
Bu məqsədlə də Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul olunub. 
Eyni zamanda respublikanın bir sıra şəhər və rayonlarında iki həftəlik, 
 iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.
 İndi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olmalıyıq.



Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva isə deyib ki,  xəstəxanalarda çarpayı sayı və tibbi personal məhdud sayda olduğundan yoluxma müəyyən həddi keçərsə, yeni yoluxan xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemlər yarana bilər. Hətta elə bir vəziyyət yarana bilər ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz: 

“Biz Avropa yaşanan hadisələrdən nəticə çıxarmalıyıq.  Həmin ölkələrdə xəstələri xəstəxanalarda yerləşdirmək üçün yerlər tapılmırdı. O cür  acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir.  Bu qaydalara əməl etməyən  insanların məsuliyyətsiz davranışları  səbəbindən ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi, sərt karantin tədbirlərinin tətbiqinə zərurət yaranır". 

Mövcud situasiyadan  iki həftəlik sərt karantin tədbirlərinin tətbiqinin qaçılmaz olduğunu vurğulayn ekspertin fikrincə, belə tədbirlərin həyata keçirilməsi yoluxma sayı azalana qədər davam etməlidir.  Onun sözlərinə görə,  məhdudlaşdırıcı tədbirlərin tətbiqini istəmirlərsə, vətəndaşlar qaydalara əməl etməlidirlər. Əks halda dövlət yenidən sərt karantin tədbirlərinim tətbiq etməli olacaq.