“Yaxşı olardı ki, xalq təbabətindən də istifadə edilsin, xəstələrin immunitetinin gücləndirilməsi üçün təbii vasitələrdən istifadə edilsin”
“Orqanizmin özünün müdafiə sistemi var və o istənilən xəstəliklə, virusla, bakteriya ilə mübarizə aparır, sadəcə bu sistemi təchiz etmək lazımdır”
COVİD-19 xəstələrinin sayının günü-gündən artması Azərbaycanda həkim çatışmazlığı məsələsini gündəmə gətirib. Xəstə sayı artdığına görə son günlər "103" təcili tibbi yardım xidmətinin də üzərinə çox yük düşür. "103"ə zəng edəndə çox vaxt ya məşğul olurlar, ya da digər xəstələrin yardımına tez çatmaq onlar üçün çətin olur. Eyni zamanda vəziyyətin daha da ağırlaşması fonunda infeksionist həkimlərin, virusoloqların sayının az olması bütün ixtisas həkimlərinin koronavirusla mübarizəyə səfərbər olmasını gündəmə gətirib.
Belə ki, problemdən çıxış yolu kimi Azərbaycanda ehtiyat tədbirləri olaraq COVİD-19-la mübarizədə həm özəl, həm də dövlət xəstəxanalarında işləyən bütün ixtisas həkimlərinə bu virusun müalicəsinə görə hazırlıq kurslarının keçirilməsi təklif olunur.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva hesab edir ki, eyni həkimlərin çiyninə çox yük düşməməlidir: " Onların immun sistemi zəifləyə bilər, növbəli şəkildə bu yükü azaltmaq lazımdır. Həkimlər anidən baş verə biləcək hər şeyə hazırlıqlı olmalıdırlar. Hər birimiz bu xəstəliyə tutula bilərik. Buna görə də təcili surətdə ilkin tibbi yardım kursları təşkil olunmalıdır və COVİD-19-a qarşı birgə mübarizə aparılmalıdır".
Y.Abdiyeva əlavə edib ki, hazırlıq kursları onlayn webinar seminarlar formasında da təşkil edilə bilər. Respublikanın hər yerində - həm xəstəxana, həm də poliklinika həkimlərinə təlimin keçirilməsi vacibdir.
Sözügedən təkliflə bağlı “Sherg.az”a açıqlama verən sosioloq Elçin Bayramlı isə hesab edir ki, koronavirusa qarşı mübarizə aparmağın başlıca yolu immunitetin güclənməsindən keçir. Bunun üçün də sağlam həyat tərzi, təbii qidalanma, fiziki hərəkətlilik, təbiətlə təmas kifayətdir:
"Vaxtında mikrobiologiya, virusologiya elminə fikir vermədik, bu sahədə alimlər yetişdirmədik, məktəb yaratmadıq. Sovet dövründən qalan elmi-texniki bazanı da dağıtdıq, indi bunun nəticəsini görürük. Fikrimcə, təcili olaraq azı 100 nəfər infeksionist həkim virusla mübarizədə effektiv mübarizə aparıb qalib gəlmiş və ya virusologiya elmi güclü inkişaf etmiş ölkələrə qısamüddətli təcrübəyə göndərilməlidir- Çin, Almaniya, Rusiya və s.
Bununla yanaşı, bu virusla mübarizədə effektiv dərmanlar olmadığından və virus tez-tez mutasiyaya uğradığından yaxşı olardı ki, xalq təbabətindən də istifadə edilsin, xəstələrin immunitetinin gücləndirilməsi üçün təbii vasitələrdən istifadə edilsin.
Orqanizmin özünün müdafiə sistemi var və o istənilən xəstəliklə, virusla, bakteriya ilə mübarizə aparır, sadəcə bu sistemi təchiz etmək lazımdır. Sağalanların ən azı 90 faizi öz immunitetlərinin sayəsində buna nail olublar, ölənlərin də azı 90 faizi immuniteti zəif, ağır xroniki xəstəlikləri olan yuxarı yaşlılardır. Adi məntiqlə aydın olur ki, orqanizmin immunitetinin gücləndirilməsi üçün hər şey edilməlidir.
Təəssüflə qeyd etməliyəm ki, nə ÜST, nə alimlər, nə həkimlər insanları immunitetlərini gücləndirməyə çağırıb, bunu təbliğ edirlər. Elə yapışıblar ki əlinizi yuyun, maska taxın və s. Təcrübə də göstərir ki, bunlar yoluxmanın qarşısının alınmasında effekt vermir, əksinə bunlara riayət etdikcə yoluxma daha da sürətlənir. Mən demirəm qorunma tədbirləri olmasın, əksinə bunlar vacibdir, lakin ən vacib şeylər bunlar deyil.
Nüfuzlu alimlər deyir ki, immunitet ən vacibidir. Hələ yoluxmamamış insanlara bu təbliğ edilməlidir ki, yoluxduqları təqdirdə orqanizm öhdəsindən gələ bilsin. Sağlam həyat tərzi, təbii qidalanma, fiziki hərəkətlilik, təbiətlə təmas immunitetin güclənməsi üçün kifayətdir. Bunu təmin edə bilməyən yoxsul təbəqəyə xüsusi dövlət yardımları edilməlidir. Bunun üçün müvafiq maliyyə imkanlarımız kifayət qədərdir. 50 milyardlıq starteji rezervlərimizi bu günlər üçün yığmışdıq, xalqımızın bundan ağır günü olmayacaq, ona görə də təklif edirəm ki, həmin ehtiyatlardan bir neçə milyardı bu ümummilli bəla ilə mübarizəyə cəlb edilsin və xalqımız tezliklə bu fəlakətdən qurtulsun".