“Yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət tam nəzarət altındadır”
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Açılış nitqindən sonra üç yerli telekanala müsahibə verən ölkə başçısı bir sıra vacib məqamlara toxunub. Prezidentin sözügedən müsahibədə diqqət çəkdiyi mövzularla bağlı "Sherg.az”a danışan millət vəkili Tamam Cəfərova ən kritik vəziyyətə hazır olmağımızın vacibliyinə diqqət çəkib.
Deputatın sözlərinə görə, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır:
"Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı. Onlardan da bir neçəsinin açılışı olub,5 modul tipli xəstəxana artıq fəaliyyətdədir. Bildiyimiz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq işə başlayıb və beşinin də tikintisi gedir. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Ancaq Prezident Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xəstəliyin dinamikasıdan görünür ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə də Cənab Prezident bu yaxınlarda göstəriş verib ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”.
Sözügedən müsahibədə dövlət başçısının ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyətə ətraflı aydınlıq gətirdiyini vurğulayan T. Cəfərova bildirib ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır:
“Həmin tibb müəssisələrinin 36-sı dövlət başçısının müvafiq sərəncamları ilə inşa edilib. Məhz Azərbaycan Prezidentinin uzaqgörənliyi nəticəsində ilk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi, məqsədyönlü addımların atılması bu gün ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib. Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, hazırda ölkəmizdə gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət yenə də tam nəzarət altındadır. Həm də bu nəzarət təkcə mərkəzdə, iri şəhərlərdə deyil, bütün ölkə miqyasında uğurla həyat keçirilir. Təsadüfi deyil ki, koronavirusla mübarizəyə cəlb olunmuş 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Pandemiyanın ilk aylarında respublikamızda cəmi 6 laboratoriya var idisə, hazırda onların sayı 29-a çatıb. 15 yeni laboratoriya sifariş edilib. Beləliklə onlar da istifadəyə verildikdən sonra belə laboratoriyaların sayı 44-ə çatacaq. Məhz belə uğurlu addımlara görə Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir".
Xanım parlamentarinin qənaətincə, yeni istifadəyə verilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalıxəstəliklə mübarizədə əlavə imkanlar yaradacaq:
“Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır və xəstəxanada bütün lazımi şərait yaradılıb. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstəni burada yerləşdimək mümkün olacaq. Və nəzərə alsaq ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır və qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdırılacaq,deyə bilərik ki, bu gün ölkəmizdə kifayət qədər boş çarpayılarımız var.
Cənab Prezidentin qeyd etdiyi kimi “əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350. Biz hər bir vəziyyətə hazır olmalıyıq. İlk gündən bütün qabaqlayıcı tədbirlərin görülməsi nəticəsindəbu gün vəziyyət nəzarət altındadır və ölkə başçısı əlindən gələni edir ki, kritik vəziyyətə hazır olaq. Bütün bunlar bir daha göstərir ki, Cənab Prezident həmişəki kimi, öz vətəndaşının yanındadır".