Professor:“Karantin rejiminin ləğvinin tərəfdarıyam, o şərtlə ki...”

“İnsanlar öz davranış qaydalarına fikir versinlər”

“Koronavirus kimi real təhlükə ilə bağlı tövsiyyələri qulaqardına vurub, heç nə yoxmuş kimi davranmasınlar"


COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda orduya dəstək yürüşünün təşkil olunması, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı.  İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu.

Şübhəsiz ki, vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır.

 Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşyacağıq. Böyük ehtimal ki, növbəti həftələrdə  yoluxma dinamikasında artım müşahidə olunacaq.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da "Sherg.az"a açıqlamasında dünən keçirilən aksiyanın kütləvi yoluxmaya rəvac verəcəyi qənaətindədir. İnsanlar arasında çox yaxın  təmasların olduğunu vurğulayan professor hesab edirəm ki, bu faktor yoluxma sayına təsirsiz ötüşməyəcək:

 "Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə şərait yaratmaqla daha  faydalı  dəstək nümayiş etdirə bilərdilər. 

Ümumiyyətlə, biz  Qarabağ məsələsini bu yolla həll edə bilmərik. Başa düşürəm  küçəyə çıxıb orduya dəstək yürüşünə qatılan insanların  bu addımı cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu nümayiş etdirir.  Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğal altında qalmasına xalqın reaksiyası baxımından bu aksiyalar qürurvericidir. 

Amma bizim sadəcə ermənilərlə yox, gözəgörünməz bir "düşmən"lə mübarizə şəraitində olduğumuzu da unutmamaq lazımdır. Aylardır ölkədə koronavirusa qarşı mübarizə tədbirləri keçirilir, sərt karantin rejimi tətbiq edilir. Amma bizim insanlar pandemiyanın nə dərəcədə təhlükəli bir hal olduğunun hələ də fərqində deyil. Dövlət sərhəddində törədilən təxribatla mübarizədə  ordumuz 11 şəhid verdi. Allahdan hər birinə rəhmət diləyirəm. 

Ruhları şad olsun!  Gənclərimizin şəhid qardaşlarımıza görə ayağa qalxmasını başa düşürəm. Lakin insanlarımız da bizi başa düşməlidir ki, karantin müddətində bu cür kütləvi aksiyaların, yürüşlərin keçirilməsi bizim üçün böyük təhlükələrə yol aça bilər. 

Sosial izolyasiya qaydalarının pozulması nəticəsində biz kütləvi şəkildə insan tələfatı ilə üzləşə, yüzlərlə vətəndaşımızı itirə bilərik. Ən azından aksiyaya qoşulan gənclərimiz sosial məsafə saxlayıb, maska taxa bilərdilər. Karantin müddətində bu cür xaotik aksiyalar keçirməz heç cür başadüşülən deyil".

A.Qeybullanın sözlərinə görə, bir həftə sonra Operativ Qərargah karantinin yumşaldılması ilə bağlı qərar versə, insanlarımız yenə də öz bildiklərini edəcəklər:  

"Görünür, bu  qədər yoluxma, insan itkisi bizə hələ də dərs olmayıb.  Karantini yumşaltmaq o demək deyil ki, insan ağzı açıq, maskasız gəzməlidir. İlk gündən insanlar situasiyanı boykot edib, bir-biri ilə qucaqlaşaraq parklarda, kütləvi yerlərdə gəzirlər.

Üstəlik, evlərdə gizli qonaqlıqlar, həyətlərdə çay süfrəsi və sair mövcud duruma zidd davranışlara yol verirlər. Elə buna görə də, əhalinin böyük əksəriyyəti artıq kornavirus daşıyıcısıdır. Gündəlik elan olunan statistika heç də real vəziyyəti əks etdirmir.

Azərbaycanda koronavirusa yoluxan vətəndaşların sayı açıqlanan rəqəmlərdən 4 qat artıqdır.  Bu şəxslərin bir hissəsi həkim nəzarətində evdə müalicə olunur. Bir hissəsi isə  nə həkimə, nə də xəstəxanaya müraciət etmədən türkəçarələrlə özünü sağaltmağa çalışır. Bizə yalnız müvafiq labaratoriyalarda qeydiyyata düşüb analiz verən şəxslərin yoluxması ilə bağlı məlumat verilir.

Halbuki Azərbaycanda epidemioloji vəziyyət ürəkaçan deyil. Sərt karantin tədbirlərinə rəğmən yoluxma sayında azalma müşahidə edilmir. Bunun isə səbəbi vətəndaşların qaydalara əməl etməməsi ilə bağlıdır. Bu səbəbdən karantin rejiminin ləğvinin tərəfdarıyam.

O şərtlə ki, insanlar öz davranış qaydalarına fikir versinlər. Koronavirus kimi real təhlükə ilə bağlı tövsiyyələri qulaqardına vurub, heç nə yoxmuş kimi davranmasınlar".