Salam, gözəl Bakı, mən gəlmişəm! 


“SMS icazə ləğv olundu, tanınmışlar hara tələsəcək?

“Ən kövrək səfərim Fəxri Xiyabana olacaq. Şəhid general-mayor Polad Həşimova, əziz müəllimim Şirməmməd Hüseynova sözüm var...”

“Operativ Qərargahın qərarını alqışlarla qarşılamaq istəyiriksə, yüksək mədəniyyət sahibi olduğumuzu bir daha göstərməliyik. Başa düşürəm, yaşamımıza rəng qatmaq, monotonluqdan uzaqlaşmaq da lazımdır. Yoxsa hər gün bir-birinə oxşayır, həyat maraqsızlaşır”



Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərtləşdirilmiş karantin rejimində müəyyən yumşalmalar olub. Belə ki, artıq SMS icazə ləğv edilib. Bu isə o deməkdir ki, insanlar istədiklləri yerə, sərbəst şəkildə gedə, cərimələnməkdən qorxmadan, necə deyərlər, əllərini-qollarını sallaya-sallaya gəzə bilərlər.

Daha gözümüz saatımızda olmayacaq, polis əməkdaşı görən kimi şəxsiyyət vəsiqəmizi çıxarıb göstərməyəcəyik. Ümid edək ki, bir daha həmin günlərə qayıtmayacaq, tədricən qərara alınacaq yumşalmalarla əvvəlki - rəngarəng, necə keçdiyini bilmədiyimiz günlərimizə qayıdacağıq. 
 Maraqlıdır, uzun müddətlik həsrətdən sonra insanlar ilk hara gedəcək? Bu suala cavab tapmaq üçün ictimai-siyasi adamlar arasında sorğu keçirdik. 

“Tovuza getmək indi mənim üçün müqəddəs bir səfər olardı”

Cahangir Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin professoru:  “Nazirlər Kabineti yanında Operativ Qərargahın maraqlı açıqlamaları oldu. Ən sevindiricisi də SMS icazələrin ləğvidir. Bu yumşalma mənim üçün iki cəhətdən maraqlıdır: Birincisi, deməli, ölkədə koronavirusla qarşı gərgin mübarizə öz səmərəsini verir. İkincisi isə hər birimiz sərbəst şəkildə əzizlərimizi, doğmalarımızı yad edə bilərik. Qaldı, bu imkandan istifadənin ilk anında hara getmək, kiminlə görüşmək məsələsinə. Birbaşa deyim ki, ilk növbədə REAL TV-yə-Mirşahinlə söhbətə gedəcəm. İlk günlər olmasa da, doğma universitetimə də yollanacam. Bu günlərin özündə də doğma universitet rəhbərliyi iş başındadır. Ən kövrək səfərim Fəxri Xiyabana olacaq. Şəhid general-mayor Polad Həşimova, əziz müəllimim Şirməmməd Hüseynova sözüm var... Arzum budur ki, regionlara yollar açılsın. Tovuza getmək indi mənim üçün müqəddəs bir səfər olardı. İtkisinə bütöv bir xalqın yandığı Polad Həşimovun kəndinə getmək, onun doğmaları ilə dərdimizi bölüşmək istərdim. Tanrı elə şərait yaratsın ki, bu yolları da aça bilək. Qaydalara əməl etsək, qələbə bizimlədir”.
 
“Yaxın qohumların dəfnində də iştirak edə bilmədim”

 Fazil Mustafa, millət vəkili: “İndiyədək Bakıdan kənara çıxmırdım. Heç yaxın qohumların dəfnində də iştirak edə bilmədim. Çünki karantin qaydalarına əməl etməyə çalışırdım. Ən çox təəssüfləndiyim məqam isə qum futbolu oynaya bilməməyim oldu. Məlum səbəblərlə əlaqədər bu il komanda yığılmadı”.

“Çimərliklərə getməyə icazə verilməsi məni çox sevindirdi”

Qulu Məhərrəmli, BDU-nun Jurnalistika fakültəsinin professoru: “Düzü, elə bir ciddi məhdudiyyətim olmayıb. Təxirəsalınmaz işlərimin hamısını həll etmişəm. Hazırda bağ evimdəyəm. Çimərliklərə getməyə icazə verilməsi məni çox sevindirdi. Yəqin ki, ilk gedəcəyim yerlərdən biri olacaq”. 

“Yaşamımıza rəng qatmaq, monotonluqdan uzaqlaşmaq da lazımdır”

 Adil Babayev, dilçi, alim: “İmkan tapıb bir həftəlik Qəbələyə getmişdim. Yenicə gəlmişəm. Karantin qaydalarının yumşaldılması, əlbəttə, sevindiricidir. Amma gərək bu imkandan səmərəli istifadə edək. Operativ Qərargahın qərarını alqışlarla qarşılamaq istəyiriksə, yüksək mədəniyyət sahibi olduğumuzu bir daha göstərməliyik. Başa düşürəm, yaşamımıza rəng qatmaq, monotonluqdan uzaqlaşmaq da lazımdır. Yoxsa hər gün bir-birinə oxşayır, həyat maraqsızlaşır”. 

“Azərbaycan Yazıçılar Birliyi və oradakı kabinetim üçün darıxmışam”

Əsəd Cahangir, yazıçı, ədəbi tənqidçi: “İlk növbədə II Fəxri Xiyabana gedib, şəhid general-mayor Polad Həşimovu ziyarət edəcəm. Bu, şəxsi təşəbbüs yox, borcdur. Əlbəttə, sonrakı vaxtlarda qohum-əqrəba ilə görüşmək də yaxşı olar. İşlərin açılmağını səbirsizliklə gözləyirəm. Azərbaycan Yazıçılar Birliyi və oradakı kabinetim üçün darıxmışam”. 

“İlk gedəcəyim yerlərdən biri kitabxana olacaq”

Əhməd Qəşəmoğlu, sosioloq: “Pandemiya dövrünə qədər səhərlər idmanla məşğul olur, tez-tez kitabxanaya gedirdim. Karantin və üç saatlıq icazə buna mane oldu. Ancaq işimi əvvəlki qaydada davam etdirirəm. Günümün böyük hissəsini kompüter arxasında keçirirəm. Düşünürəm, ilk gedəcəyim yerlərdən biri kitabxana olacaq”.