“Sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə pandemiyaya qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. İş yerlərinin və əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması üçün mühüm tədbirlər görülür. Prezidentin  tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb.

Artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili, ölkə vətəndaşlarının sosial rifahı dayanır.

Millət vəkili Anar Məmmədov “Sherg.az”a bildirib ki, cənab Prezident 17 il ərzində atdığı bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, dövlətin hər zaman vətəndaşlarının yanında olduğunu isbatlayır. 
Parlamentari qeyd edib ki, uzun müddətdir, ölkədə koronavirusa qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır:

“Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezidentin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb.

Məhz, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib.

Bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib. Artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir”. 

Deputat vurğulayıb ki, xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirilib:

“Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb”.

Parlament üzvü bildirib ki, dövlətimiz bu cür çətin və həssas məqamlarda sosial proqramların dayanmaması üçün çalışır:

“Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın  aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi.

Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması baş verdi. 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olundu. 

Bu gün cənab Prezident əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı addımlar cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur”.