Dəniz suyu və ya min bir dərdin dərmanı ! - Həkim faydalarını SADALAYIR

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarında müəyyən yumşalmalar edib. Artıq sms icazə ləğv olunmaqla yanaşı, həm də çimərliyə getməyə icazə verilir. Əlbəttə, bu, hər kəsin ürəyincədir. Ancaq gərək vəziyyətin yenidən kritikləşməməsi üçün davranışlarımıza diqqət edək, məsuliyyətli olaq. Başa düşək ki, təhlükə qismən sovuşsa da, yenə qalır. Deməli, yaradılan imkandan mümkün qədər faydalanmaqla yanaşı, həm də özümüzü qorumalıyıq. 

Həkim-terapevt Məlahət Hümmətqızı “Sherg.az”a açıqlamasında bu addımı yüksək qiymətləndirərək dəniz suyunun əhəmiyyətindən danışıb: 

“Dəniz suyunun tərkibində bəzi mənbələrə görə 104, bəzilərinə görə isə 90-dan çox element var. Xüsusilə kalium-xlorid insan orqanizmi üçün çox faydalıdır. Bu maddə dərini hamarlaşdırır, elastikləşdirir. Dəniz suyu, həmçinin nəfəs xəstəlikləri olan insanların bir nömrəli dərmanıdır. Eləcə də dəri, sinir xəstəlikləri olanlar dəniz suyundan müalicə məqsədilə istifadə edə bilərlər.



O, immuniteti gücləndirir, toksitləri uzaqlaşdırır. Eyni zamanda oynaq-sümük və ürək-damar xəstəliklərinin qarşısını alır, orqanizmin infeksiyaya qarşı müqavimətini gücləndirir. Dəniz suyunun tərkibində yod, brom olduğuna görə boğaz , diş ağrısından əziyyət çəkənlərə, sinir, zob və başqa xəstəliyi olanlara da məsləhət görülür. Onu da deyim ki, dəniz dalğaları da çox xeyirlidir. Belə ki, masaj effekti verməklə qan dövranının işini asanlaşdırır, təzyiqi aşağı salır”. 

M.Hümmətqızı, həmçinin çimərliyə getməyin digər faydalarından da söz açıb:

“Dəniz havası bir çox xəstəlikləri, o cümlədən tənəffüs problemlərini həll edir. Təsadüfi deyil ki, asma, bronxit xəstələrinə dənizə getmək tövsiyə edilir. Dəniz qumu isə revmatizma ilə mübarizə aparanlar üçün əsl dostdur. Onlar qumda gəzməklə bu xəstəliyə qalib gələ bilərlər. Dəniz qumu damarları genişləndirir, habelə dabanlarda “pedikür” rolunu oynayır. Dediyim odur ki, nə qədər, çimərliyə getməyə imkan var, insanlar bundan maksimum yararlanmalıdırlar”.