Kibercinayətkarlığın qarşısı alınır ! - “Fake” profillər azalacaq”

“Proses “Feysbook”dan başlandı və milyonlarla saxta profil bağlandı” 

“Düzdür, yenə də “fake” profillər var, amma mübarizə də davam edir” 


“WhatsApp” “mesencer”ində yeni funksiya hazırlanıb. Bunun köməyi ilə istifadəçilər onlara göndərilən mesajlardakı faktların doğruluğunu yoxlaya biləcəklər. Söhbət beş və daha çox istifadəçi tərəfindən yönləndirilən ismarıcların yanında görünəcək lupaya basdıqda istifadəsi mümkün olacaq internet axtarışından gedir. Böyüdücü şüşə simgəsi vasitəsilə istifadəçilər internetdə tapılan əlaqəli məlumatları nəzərdən keçirərək, bu və ya digər faktın etibarlılığını tez bir zamanda yoxlaya biləcəklər.

Yeni funksiya dezinformasiyalar və sui-qəsd nəzəriyyələrinin yayılması ilə mübarizə məqsədilə hazırlanıb. Məsələn, koronavirusla effektiv mübarizə apara biləcək bəzi vasitələr haqqında mesaj aldıqdan sonra istifadəçi etibarlı mənbələrə müraciət edərək bunun düzgünlüyünü asanlıqla yoxlaya bilər. Yeni funksiya məşhur “mesencer” istifadəçilərinə yönləndirilmiş mesajlardakı məlumatların düzgünlüyünü müstəqil şəkildə yoxlamağa kömək edəcək. Tərtibatçılar qeyd edirlər ki, yoxlama üçün seçilmiş məlumat birbaşa brauzerə göndərilir. “WhatsApp” mesaj doğrulama funksiyası hazırda ABŞ, Böyük Britaniya, İspaniya, İtaliya, İrlandiya, Braziliya və Meksikadakı Android və iOS istifadəçiləri üçün əlçatandır. Bu funksiyanın digər ölkələrdə nə zaman istifadəyə veriləcəyi hələ məlum deyil.



 Bu barədə “Sherg.az”a danışan internet-media eksperti Səbuhi Abbasov bu tendensiyanın çoxdan başlandığını deyib: 

“Təxminən iki il əvvəl dezinformasiyalar və saxta xəbərlərlə bağlı geniş müzakirələr gedirdi. Hətta məsələ ABŞ konqresinin gündəliyində idi. Nəhayət, kibercinayətkarlığa və onun ayrı-ayrı elementlərinə qarşı mübarizənin gücləndirilməsi qərara alındı. Proses “Feysbook”dan başlandı və milyonlarla saxta profil bağlandı. Düzdür, yenə də “fake” profillər var, amma mübarizə də davam edir.” 

O, həyata keçirilən layihələrin səmərə verəcəyinə inanır:

““WhatsApp”da da bu yeniliyin tətbiqi çox yaxşıdır. Əvvəl Android və İOS platformalarında, ardınca isə kompüter versiyalarında istifadəçilərə belə bir imkan yaradılacaq. Əlbəttə, proses hələ yeni başlayəb və mərhələli şəkildə aparılır. Hər məsələdən sonra nəticələr barədə ictimaiyyətə məlumat verilir. Layihənin nəticəsiz qalmayacağına inanıram. Hər halda sui-istifadə hallarının, kibercinayətlərin qarşısı alınacaq, dezinformasiyalar və “fake”lər azalacaq”.