Hasarlarla tanış DƏNİZ ! – “Hökumət nəzarət etməlidir!” – Xəzər yenə hasarlanır !

“Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından, həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü üç metrə yaxın dəmir dirəklər basdırmışdılar”.
Bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu özünün “Facebook” hesabında yazıb. O, həmçinin bildirib ki, həmin evlərdə yaşayan da yoxdur: 

“Bu adamlar dövlətə və millətə meydan oxuyaraq, “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar Xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim.

Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm. Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin villanın sahibi kimdirsə, nümayişkaranə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır.

Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldur. Ancaq bu gün daha bir sürprizlə qarşılaşdım. Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü”.



“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bu barədə “Sherg.az”a danışarkən törədilən əməlin qanunsuz olduğunu deyib:

“Dəniz sahilinin özəlləşdirilməsi, həmin ərazilərdə müxtəlif tikililərin inşası və bu kimi digər addımlar dövlət səviyyəsində aparılmalıdır. Hökumət mütləq hər bu işə nəzarət etməlidir. Və atılan addımlar xalqın mənafəyi naminə olmalıdır. Bulvarda görülən işlərə bir baxın. Axı ora da dəniz sahilidir. Amma insanların rahatlığı üçün hər şey nəzərə alınıb. Belə də olmalıdır. Digər bütün hallar isə qanunsuzdur”.