“Seroloji testlərin keçirilməsi zəruridir”

“İmmun sistemi ilə bağlı olan sereloji testlər ən dəyərli üsullardan biridir”

“Testi verən şəxslərin həmin dəqiqə xəstəliyə yoluxub-yoluxmadığı dərhal bilinir”



Ölkəmizdə əhalinin COVİD-19-a qarşı immunitet yaranmasının öyrənilməsi üçün seroloji testlər keçirilməsi layihəsinə başlanıb. Məqsəd əhalidə immunitetin səviyyəsinin müəyyən edilməsidir. Seroloji testlərin keçirilməsi metodologiyası kimi sadə təsadüfi seçmə metodunun tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu metoda uyğun olaraq Bakı və Sumqayıt şəhərlərini seçmək və hər şəhərdə 1536 nəfərdən test götürülməlidir.
Seroloji testlərin aparılması ilə minimum son 3 ayda xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını tapmaq mümkündür. Burada ELİSA testlərinin səhv olma ehtimalına və mövsümi amillərə diqqət yetirilməlidir.



Seroloji testlərin keçirilməsinin lazımlı hal olduğunu bildirən həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a deyib ki, testlər Səhiyyə Nazirliyi tərəfindən iki mərhələdə həyata keçirilir:

“Birinci mərhələ poliklinikalara tapşırılıb. Xüsusi məntəqələr yaradılıb, müəyyən ərazi bölgüləri müəyyən edilib. Müəyyən poliklinikalarda laboratoriyalar yaradılıb. Vətəndaşlar gəlib sərbəst analiz verə bilirlər. Əvvəllər testlərin götürülməsi təcili tibbi yardıma həvalə edilmişdi. İndi isə bu iki mərhələdə həyata keçirilir. Təcili yardımla bərabər poliklinikalar da testlər götürürlər. Uzun müddət idi ki, təcili yardım həkimləri şübhəli şəxslərdən test götürürdülər. İndi isə həmin həkimlərin yükü bir qədər azalıb. Hazırda təcili yardım həkimləri ancaq rəhmətə gedənlərin test olunması və testi pozitiv çıxanların ailə üzvlərindən yaxmanın götürülməsi ilə məşğuldur”.

Həkim qeyd edib ki,  immun sistemi ilə bağlı olan sereloji testlər ən dəyərli üsullardan biridir:

“Özəl klinikalarda immun sisteminin öyrənilməsi üçün yaxma götürülür. Bir sutka ərzində testin cavabı bilinir. Bu zaman da xəstənin virus daşıyıcısı olub-olmaması və yaxud nə zaman yoluxduğu bilinir. Testin qiyməti 40-50 manat civarındadır. Testi verən şəxslərin həmin dəqiqə xəstəliyə yoluxub-yoluxmadığı dərhal bilinir”