Çimərliklərdə könüllülər ara məsafəsini qoruyacaq 

Ekspertlər hesab edir ki, maarifçilik işləri mütləq şəkildə artırılmalıdır

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərtləşdirilmiş karantin rejimində müəyyən yumşalmalar oldu. Belə yumşalmalardan biri də çimərliklərin açılması idi.  Məlumdur ki, uzun müddətlik həsrətdən sonra insanların çimərliklərə axını kütləvi şəkildə olacaq. Operativ Qərargah yoluxma sayının artmaması və insanların rahat şəkildə dincəlməsini təmin etmək məqsədilə bütün lazımi tədbirləri həyata keçirir. Bunun nəticəsidir ki, prosesə “ASAN könüllülər” də cəlb olunub.

Bu zaman sual yaranır, onların bu prosesə cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaqmı? 

Mövzu ilə bağlı “Şərq”ə danışan Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “ASAN könüllülər”in prosesə cəlb olunmasını müsbət qiymətləndirib. O, uzun müddət karantindən sonra bu cür yumşalmaların vacib bir məsələ olduğunu xüsusilə vurğulayıb:

“Təbii ki, uzun müddətlik karantindən sonra müəyyən yumşalmaların olması gözlənilən hal idi. Amma çimərliklərlə bağlı qərarların verilməsini bir qədər gecikmiş qərar hesab edirəm. İyul ayında bu qərar verilsəydi daha məqsədəuyğun olardı, çünki indi havalar bir qədər soyuyub. İyul ayında isə havalar çox yaxşı keçirdi”.  

M.Zülfüqarlı digər vacib məqamı vurğulayıb:

“Bildiyimiz kimi, könüllülük-gənclərin yeni inkişaf modelidir. Bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də bir sıra mühüm, beynəlxalq tədbirlərdə könüllülərin əməyindən yüksək istifadə edildi və müsbət nəticələr əldə olundu. Çimərliklərdə də onların əməyindən istifadəsini yüksək qiymətləndirirəm. Amma bunu xüsusi qeyd edim ki, Azərbaycanda çimərliklərdə məsafə saxlamaq dədə-babadan var. Abşeron kəndlərində insanlar bir-birindən məsafə saxlamağı yaxşı bilirlər, yəni onlara nəzarət etməyə ehtiyac yoxdur.

Bir məqamı nəzərə alaq ki, çimərliklərin açılması və uzun müddətlik karantin ilə əlaqədar olaraq şəhərdən güclü axının olacağı sözsüzdür. Buna görə də çimərliklərdəki insanlara nəzarətin olunması vacibdir və bu məsələni yüksək qiymətləndirirəm.

Əslində bu proses hər bir insanın özündən asılıdır. Yəni qoyulan qanunlara riayət edilməsi, öz hüquqlarını müdafiə edilməsi və sair kimi məsələlər. Ona görə də maarifçilik işləri mütləq şəkildə artırılmalıdır. Hər bir insan anlamalıdır ki, yalnız özü-özünü qorumalıdır.

Əgər insan özü-özünü qorumursa, nə qədər qərarlar və qadağalar olsa da heç bir xeyri yoxdur.  Misal olaraq, siqaretlə bağlı dəfələrlə maarifləndirici təbliğatlar gedir ki, ziyandır. Amma insanlar buna məhəl qoymur. Ona görə də insanlara başa salmaq lazımdır ki, bu virus tək özünüzü zəhərləmir, öz doğmalarınızı da xəstələndirir. Heç olmasa doğmalarının xatirinə öz sağlamlıqlarının qeydinə qalsınlar. Hər halda arzu edək ki, bu virusdan tezliklə yaxa qurtaracağıq”.

Aynurə Pənahqızı