Maşın “şou”su davam edir: Bu dəfə paytaxt küçələrində...

“Belə məqama ancaq Azərbaycanda, xüsusilə də paytaxtda rast gəlinir”

“Bu avtomaşını DYP əməkdaşları asanlıqla tapa bilərlər”

“Müvafiq qurumlar qanuna laqeyd yanaşanlara qarşı amansız davranmalıdırlar” 



Paytaxt küçələrinin birində növbəti maşın “şou”su qeydə alınıb. Belə ki, “07” markalı VAZ-ın sürücüsü maşınının ön hissəsini həddindən çox qaldıraraq “konsert” verib. Ətrafdakı yeniyetmələr isə maraqla onu izləyib, telefonla video çəkiblər. Çox güman ki, həmin anlarda necə böyük qəhrəmanlıq etdiklərini özləri də bilməyib. Axı onlar həm də ölümlə “rəqs ediblər”.

Hər halda bədbəxt hadisənin baş verməsi üçün sürücünün sükanı çevirməyə bircə saniyə gecikməsi kifayətdir. Hələ onun qabağı görüb-görməməsi də sual altındadır. Deməli, məhz belə əməllər sayəsində bir az mübaliğə ilə desək, genosid törədilir. Gənc nəslə mənfi nümunə olunur, onlar tüfeyli həyat tərzinə istiqamətlənirlər. 


 Məsələ barədə “Sherg.az”a danışan nəqliyyat eksperti İlqar Hüseynli belə hallara qarşı mübarizənin güclənməsininin zəruri olduğunu deyib: 

“Sözügedən məqamlara, demək olar, ancaq Azərbaycanda, xüsusilə də paytaxtda rast gəlinir. Görünür, avropalıların düşüncə tərzi fərqlidir. Başa düşmək lazımdır ki, sürücünün və digər sərnişinlərin təhlükəsizliyi xeyli dərəcədə avtomobilin texniki vəziyyətindən asılıdır. Bunu müəyyənləşdirən qayda və qanunlara əməl etmək isə vacibdir. Ona görə də maşınlarda rekonstruksiyaya yol vermək qadağandır.

Belə hallar qəzaların ən başlıca səbəbidir. Yadınızdadırsa, keçən il hava limanı istiqamətində hərəkət edən “Niva”nın sürücüsü qəza törətmişdi. Həmin oğlan dünya çempionu idi. Sonradan məlum oldu ki, maşınının texniki vəziyyətində dəyişiklik edib. Belə faktlar çoxdur.

Deməli, ictimai qınaqla yanaşı, sərt cəza tədbirləri də görülməli, müvafiq qurumlar qanuna laqeyd yanaşanlara qarşı amansız davranmalıdırlar. “07”in videosu yayılıbsa, DYP əməkdaşları onu asanlıqla tapa bilərlər.

Bu və bu kimi digər nəqliyyat vasitələri aşkarlanmalı, istehsal vəziyyətinə gətirilib çıxarılanadək hərəkətinə qadağa qoyulmalıdır”.