Xəzər çirkləndirilir ! - “ETSN dərhal hərəkətə keçməlidir”

“Vətəndaşlar məcbur qaldıqları üçün kanalizasiya sularını dənizə axıdırlar”

“Kanalizasiya xətti olmayan yaşayış məntəqələrinə xətlər çəkilməlidir”



Bakının Sabunçu rayonu, Pirşağı kəndində kanalizasiya suları Xəzər dənizinə axıdılır. Buna dair sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Yaranmış vəziyyətlə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Pirşağı kəndində kanalizasiya infrastrukturu mövcud deyil:

“İnsanlar xüsusi borular vasitəsilə xətt çəkərək, kanalizasiya sularını dənizə axıdırlar. Orada ASC-nin kanalizasiya xətti yoxdur. Gələcəkdə həmin ərazidə kanalizasiya sisteminin qurulması ASC-nin baş planında nəzərdə tutulub.
Bu, dövlət investisiyaları hesabına mərhələli şəkildə həyata keçirilir. Vəsait ayrılacağı təqdirdə həmin ərazidə layihə icra olunacaq”.

Əsaslı tədbirlər görülməyəcəyi təqdirdə daha da xoşagəlməz mənzərə yarana bilər. Bu məsələyə cavabdeh olan qurumların ciddi fəaliyyətinə ehtiyac var. Əks halda dəniz suyunun sürətli şəkildə çirklənməsi istisna deyil. Bu hal isə ilk növbədə pis qoxunun yaranmasına, ekologiyanın kəskin çirkənməsinə səbəb olacaq.



AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu işə nəzarət etməlidir. Onun sözlərinə görə, problemli əraziyə mənsub olan bələdiyyə və icra nümayəndələri işə cəlb olunmalıdır:

“Nazirlik bunu etmirsə, deməli, işini yarıtmaz formada həyata keçirir. Ona görə də Prezident Aparatı bununla bağlı tədbir görməlidir. Amma hər işi Prezident Aparatı görə bilməz. Ayrı-ayrı qurumlar var ki, onlar vəzifələrinin öhdəsindən layiqincə gəlsələr, Prezident Aparatına güc düşməz. Konkret olaraq ETSN hərəkətə keçməlidir. Əks halda nazirliyin cəzalanması lazımdır”.

M.Zülfüqarlı vurğulayıb ki, vətəndaşlar məcbur qaldıqları üçün kanalizasiya sularını dənizə axıdırlar:

“Kanalizasiya xətti olmayan yaşayış məntəqələrinə təmziləyici qurğular qoyulmalı, kanalizasiya xətti çəkilməlidir. Bunlar yoxdursa, vətəndaş məcburdur ki, suyu dənizə axıtsın. Bütün hallarda kim dənizə çirkab su axıdırsa, cərimələnməlidir. Adi vətəndaş və ya dövlət qurumu, fərq etməz hər kəs bu işdə məsuliyyətli olmalıdır. Lakin dövlət kanalizasiya xətti olmayan yerlərə bu xətti çəkməlidir ki, belə problemlər yaranmasın”.