“Yoluxanların sayı artarsa, məhdudiyyətlərə dönüş ola bilər”

“Karantinin yumuşalmasına baxmayaraq vətəndaşlarımız maksimum məsuliyyətli olmalıdır”

“Dövlətimizə yardım etmək üçün vacib şərt budur”


Dünən Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı müsbət dinamika əldə olunmaqdadır. Operativ Qərargahın həyata keçirdiyi tədbirlər, vətəndaşların məsuliyyətli davranışı müsbət dinamikanın əldə olunmasının başlıca səbəbidir. Bir daha təsdiq olundu ki, koronavirusla bağlı bütün məsələlər dövlətin ciddi nəzarəti nəzarət altındadır.

Ölkə başçısı müşavirə zamanı iqtisadi amillərə də toxunub. Prezident qeyd edib ki, pandemiya və neftin qiymətinin ucuzlaşması ilə əlaqədar iqtisadi geriləmənin aradan qaldırılması və inkişafa nail olunması dövlətin əsas hədəflərindən biridir:

“İlin sonuna qədər sahibkarlıqla bağlı olan işlər iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir”. 

Prezidentin çıxışı “Sherg.az”a dəyərləndirən millət vəkili Müşfiq Məmmədli bildirib ki, iqtisadiyyatın çarxı daim dönməlidir. Ölkə iqtisadiyyatı inkişaf etməlidir. Pandemiyanın reallıq olduğunu diqqətə çatdıran millət vəkili qeyd edib ki, koronavirusun nə zamana kimi davam edəcəyi bilinmir:
“Ehtimal var ki, bütün dünya üzrə 2 il ərzində koronavirus enmə və yüksəlmə tempi ilə davam edə bilər. Belə olan halda da mərhələli şəkildə yumşalmalara gedərək ölkəmizin iqtisadiyyatını dayanıqlı edərək insanlarımızın sağlamlığını qorumalıyıq.

Bunların arasında seçim etməli olsaq, sağlamlığı seçirik. Bu da onu göstərir ki, yoluxanların sayı artarsa, yenidən məhdudiyyətlərə dönüş ola bilər.

Lakin Operativ Qərargahın yaradılması və pandemiya ilə bağlı operativ addımların atılması bizi bir çox bəlalardan qorudu. Karantinin yumuşalmasına baxmayaraq bundan sonra da vətəndaşlarımız maksimum məsuliyyətli olmalıdır. Dövlətimizə yardım etmək üçün vacib şərt budur”.