“Yumşalma olsa da, qaydalara əməl etməliyik”

“Heç vaxt arzulamırıq ki, Azərbaycanda da pandemiyanın ikinci dalğası yaşansın” 

“Ona görə də mütləq şəkildə ehtiyatlı olmalıyıq”


Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur. Alimlər İngiltərədə, Estoniyada, Almaniyada və Fransada daha güclü ikinci koronavirus dalğası barədə xəbərdarlıq edirlər.
BMT-nin Baş katibi Antonio Guterres bildirib ki, koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün  təhsil prosesini tam pozub. O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib:
“Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi. İnkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi və əsas bacarıqları alaraq məktəbi bitirib”.

Dünya ölkələrində pandemiyanın ikinci dalğasının olacağı, Azərbaycanda da ciddi işlərin görülməsini zəruri edir. Vətəndaşların maksimum diqqətli olması və dövlətin mühüm tədbirlərə əl atması vacibdir.

Dünyanı cənginə almış koronavirus bəlasının sürətlə yayıldığını deyən millət vəkili Vüqar İskəndərov “Sherg.az”a bildirib ki, heç bir ölkə bu ağır bəladan sığortalanmayıb:

“Tibb sahələri inkişaf edən ən tanınmış ölkələrin əksəriyyəti göstərdi ki, onlar da virusa hazır deyildilər. Cənab Prezidentin vaxtında qabaqlayıcı tədbirlər görməsi və qısa müddət ərzindən Operativ Qərargahın yaradılması bizi ağır fəsadlardan sığortaladı. Vaxtında görülən tədbirlər sayəsində bir çox ölkələri qabaladıq. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bizi əbəs yerə nümunə kimi göstərmədi. Bu gün də görürük ki, biz düz yolda olmuşuq”.

Parlament üzvü qeyd edib ki, yumşalmalar olsa da, çox diqqətli olmaq lazımdır:

“Bütün məqamlar düzgün hesablanmalıdır. Elə etməliyik ki, yumşalmaya getməklə bərabər uğurlu statistikamızı qoruyub saxlaya bilək. Bir çox ölkədə ikinci dalğa gözlənilir. Heç vaxt arzulamırıq ki, Azərbaycanda da pandemiyanın ikinci dalğası yaşansın. Ona görə də mütləq şəkildə ehtiyatlı olmalıyıq”.

Millət vəkili yumşalmaların tərəfdarı olduğunu da diqqətə çatdırıb:

“Bütün vətəndaşlar işləməlidir. İqtisadiyyatımız yenidən dirçəlməlidir. Amma bir şərtlə ki, bu, sağlamlığımıza təsir göstərməsin. Tamamilə yumşalma olsa da, tövsiyə və qaydalara əməl etməliyik”.