Axunddan tövsiyə:“Can sağlığını nəyəsə qurban vermək olmaz”

“Dini mərasimləri kütləvi və izdiham şəklində keçirmək çox yanlışdır”

“İstər dini, istər dünyəvi hüquq sistemlərində insanın canını qorumaq vacib əməllərdən biridir”

Dövlətimizin üzərinə əhalinin sağlamlığının təmin edilməsi kimi mühüm vəzifə düşür. Məhz bunun üçün də çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu il Məhərrəm ayı və Aşura günü koronavirusla bağlı yaranmış riskli şəraitə təsadüf etdi. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi təhlükəlidir. Çünki dini rituallar ölkədə koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə ola bilər.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. 

Dini ayinlərin keçirilməməsi yalnız ölkəmizdə yox, digər müsəlman dövlətlərində də müşahidə olunur. Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana  toplaşması yoluxma ehtimalını artırır. Lakin bu hal bəzilərinin narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən bir çox vətəndaşlar yoluxma təhlükəsini düşünmürlər.

Təzə Pir məscidinin axundu, Hacı Mircəfər Əyyubov “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə iki əhəmiyyətli məsələ var. Bunlardan birincisi Məhərrəm ayıdır. Axundun sözlərinə görə, Məhərrəm ayı xüsusilə müharibə şəraitində yaşayan insanlar üçün çox önəmlidir:

“Çünki Məhərrəm ayı hadisələri gənclərimizə birlik, vətənpərvərlik, insansevərlik, torpaqları yadelliyə verməmək nöqteyi nəzərdən çox önəmlidir.
İkinci məsələ odur ki, ölkəmiz pandemiya ilə bağlı karantin şəraitində yaşayır. Koronavirus təhlükəli xəstəlikdir, nə qədər insan bu xəstəlikdən dünyasını dəyişib. İnsanlarımız gərək hər məqamda diqqətli olsunlar. Çünki koronavirusla bağlı bütün dünyada problem var. Müsəlman ölkələrinin hər birində Aşurə mərasimləri keçirilmir”. 

H.M.Əyyubov vurğulayıb ki, dini ayini yerinə yetirmək istəyən vətəndaşlar ailə daxilində və ya hər gün görüşdüyü adamlarla birlikdə bu ayinləri yerinə yetirə bilər. Lakin mərasimin Operativ Qərargahın, tibb alimlərinin və mütəxəssislərin şərtləri çərçivəsində və öz aralarında keçirilməsi lazımdır:

“Amma dini mərasimləri kütləvi və izdiham şəklində keçirmək çox yanlışdır. İstər dini, istər dünyəvi hüquq sistemlərində insanın canını qorumaq vacib əməllərdən biridir. Can sağlığını nəyəsə qurban vermək olmaz. Hər insan canını qorumaqda məsuliyyət daşıyır. İnsanlar yalnız din üçün deyil, özləri üçün də bu məsuliyyəti daşıyır. Dində və digər hüquq sitemlərində başqalarının canını qorumağın da vacib olduğu deyilir. İzdihamlı şəkildə qurduğumuz məclislərdə bir nəfər virsusa yoluxsa və ya ölsə, bunun  məsuliyyətini kim daşıyacaq?

Əlbəttə, dindarları da qınamaq olmur. Çünki birdən-birə və heç bir zərurət olmadan bəzi sahələrin boş saxlanması insanlarda həssaslıq yaratdı. Bəzi toyların keçirilməsi mətbuatda yayıldı və “səndə olar məndə yox” prinsipi yarandı.

Ona görə də əhalidə narazılıq baş verdi. Amma tövsiyə edirəm ki, bunu nəzərə almasınlar. Çünki bu məsələnin məsuliyyətini daşımaq çox çətindir. Düşünsünlər ki, mənim virus daşıyıcılığım səbəbindən kimsə ölsə, nə cavab verəcəyəm? Odur ki, Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq qapalı yerlərdə kütləvi məclislər keçirilməli deyil. Kimsə ehsan vermək istəyirsə, aparsın uşaq və qocalar evinə versin”. 

Axund ölkəmizdə qadağaların yalnız dini ayinlərə yox, digər sahələrə də tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb:

“Müəyyən qadağalar var. Ona görə də xalqın emosiyası çoxalır. Heç olmasa, televiziyalarda musiqiləri, kef məclislərini azaltsınlar. Mətbu orqanlara baxırıq, ancaq toy göstərirlər. Bu da olmaz. Belə hallar nəzərə alınmalıdır”.