Ermənistanda atışma, bir polis əməkdaşı ölüb, biri yaralanıb - YENİLƏNİB


Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atəş açaraq polis kapitanını öldürüb, polis leytenantını yaralayan şəxs artıq saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nalbandyan kənd sakini 41 yaşlı Manuk Marqaryan kənd ərazisində aşkarlanıb. Onun üzərindən qanunsuz saxladığı avtomat da götürülüb.

***

7 sentyabr, saat 21.45

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atışma nəticəsində bir polis ölüb.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Asayış keşikçiləri sözügedən ünvana yollanıblar, lakin şübhəli şəxs polislərə atəş açıb.

Hadisə nəticəsində azı iki polis əməkdaşı xəstəxanaya aparılıb, onlardan biri yolda ölüb.