Yoluxma artır, ehtiyatlı olun!

Sərt karantin rejimi indi heç kimə gərək deyil

Hamı əvvəlki nizam-intizama qayıtmalıdır


Qələbəni ön cəbhə əldə edir, arxa cəbhə təmin edir. Arxa cəbhənin əhəmiyyəti danılmazdır. Azərbaycan üçün bu gün arxa cəbhə pandemiya ilə mübarizədir, desək, yanılmarıq. Xalqın ürəyi dövlətimizlə, Ali Baş Komandanla, Silahlı Qüvvələrimiz və cəsur əsgərlərimizlə bir döyünür. Bu məsələdə heç bir tərəddüddən söhbət gedə bilməz. Azərbaycan insanı Vətən uğrunda canını fəda etməyə, nəinki döyüş qabiliyyətlilər, hətta ən yaşlı insanımız da ön cəbhəyə atılmağa hazırdır.

Xalq ordunun yanındadır. İstər mənəvi dəstək baxımından, istərsə də, ehtiyac olmasa belə, ürəyindən gələn istəklə orduya sovqat aparmaq, əsgərləri ruhlandırmaq, ailələrindən arxayın olsunlar deyə, hər cür kömək göstərməyə hazırdır. Lakin hamının həm də bir məqsədi olmalıdır, karantin qaydalarına əməl etməklə dövlətimizin yükünü ağırlaşdırmamaq. Koronavirus təhlükəsi bitməyib. Pandemiya davam edir. Bunu son günlərdə koronavirusa yoluxma sayındakı artım sübut edir. Belə vəziyyətdə tələb olunan vətəndaş məsuliyyətidir. Bu isə karantin qaydalarına əməl edilməsində özünü göstərməlidir.      

Koronavirus aktuallığını itirməyib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev son günlərdə artan statistika ilə bağlı fikrini açıqlayıb. TƏBİB rəsmisi qeyd edib ki, 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır:

- İnsanlardan çox xahiş edirəm ki, mövcud vəziyyəti nəzərə alsınlar, artıq son günlərdə yoluxma sayı artmağa doğru gedir. Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı. Amma son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır. Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Gürcüstanda və Ermənistanda artıq yoluxma pik həddə çatır. Bu da bizi daha da ehtiyatlı olmağa sövq edir. Xalqımız sağlam olmalıdır ki, bu gün ön cəbhədə olan insanlarımızın da fikri ailələrinin yanında qalmasın. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib. Amma bu virus hələ də aktualdır.
Yumşalma o demək deyil ki, biz virusun olduğunu unutmalıyıq, əksinə indi daha da diqqətli olmalıyıq. Biz virusun artdığını artıq xəstəxanalarda real olaraq görürük. Bir ara ictimai nəqliyyatda maskadan istifadəyə ciddi əməl olunsa da, indi bu məsələyə də laqeyd yanaşıldığı müşahidə olunur. Mütləq maskadan istifadə etməli, əllərimizi tez-tez yumalı, sosial məsafəni qorumalıyıq”.
Təbii amilləri davranışlarımız təsirsiz edə bilər  

“Hələlik COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, insanlar arasında maarifləndirmə işini gücləndirmək lazımdır”. Bunu isə Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan baş infeksionist əlavə edib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır: “Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır”.

T.Eyvazov deyib ki, son günlər ərzində koronavirusa yoluxma sayında müşahidə edilən artım gözlənilən idi:

“Hələ yay aylarından buna qarşı hazırlıq işləri görülürdü. Rusiya, Gürcüstan, İran, Türkiyədə də yoluxma sayında artım müşahidə edilir. Artım demək olar ki, bütün dünya üzrə müşahidə edilir. Azərbaycan da bu ümumi qanunauyğunluqlar içində yaşayır, buna görə bizdə də artım olmalı idi”.
Baş infeksionist qeyd edib ki, müəyyən təbii faktorlar da bu sayın artmasına öz təsirini göstərir: “Əvvəla, Günəş şüalarının ətraf mühitə təsir etmə müddəti azalıb və o, ətraf mühitə əvvəlki qədər təsir etmir. Bundan başqa, havanın temperatur və rütubət göstəricilərinin dəyişməsi nəticəsində insanlar bəzən geyimlərini düzgün seçə bilmirlər və xəstələnirlər. Havanın temperaturu aşağı düşdükcə insanlar daha çox qapalı mühitdə qalırlar. Soyuq havada yuxarı tənəffüs orqanlarının damarlarının viruslara qarşı müqaviməti azalır. Bunların hamısı virusun yayılması üçün şərait yaradır. Bunlar təbii faktorlardır, amma digər faktorlar da var ki, biz əsas bunun üzərində dayanmalıyıq. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar insanların kültəvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi və orada kütləvi şəkildə dayanması sosial məsafənin gözlənilməməsinə səbəb oldu. Digər tərəfdən, yay aylarında yoluxma sayının azalması insanların virusla bağlı məsuliyyətini azaltdı”.

Karantin rejiminin sərtləşməsini istəmiriksə…

Qeyd edək ki, xüsusi karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə noyabrın 2-dək uzadılıb.
Bu müddətədək vətəndaşlar bütün situasiyalarda bu 3 qaydaya əməl etməlidirlər: maska taxmaq, sosial məsafəni qorumaq, dezinfeskiya qaydalarına əməl etmək.

Son günlər dünyanın bir çox ölkəsində, xüsusilə qardaş Türkiyədə, qonşu Gürcüstanda  və digər ölkələrdə yoluxma sayında nəzərə çarpan artım mövcuddur.  Rusiyada 12 mindən çox insanın virusa yoluxduğu artıq müəyyən olunub. Bolqarıstanda son iki gün ərzində ard-arda rekord qeydə alınaraq yoluxma sayı 600-dən artıq olub. Avropanın digər ölkələrində də yoluxma sayı sürətlə artır.

Azərbaycanda isə mart ayından tətbiq edilən xüsusi karantin rejimi və buna ciddi nəzarət, dövlətin səhiyyə sahəsinin inkişafı üçün atdığı addımlar sayəsində vəziyyət nəzarətdə saxlanılır. Lakin son günlər insanlarda yaranan arxayınlıq, laqeydlik yenidən yoluxma sayının artmasına səbəb olub. Üç qızıl qaydaya əməl olunmazsa, yoluxma sayı bugünkündən dəfələrlə artıq ola bilər, bu da tibb sahəsini yenidən kritik vəziyyətə sala bilər. Bunun baş verməməsi üçün əhali mütəmadi olaraq ictimai nəqliyyatda – marşrutlarda, metroda və taksidə maskadan istifadə etməli, qapalı məkanlar, iaşə obyektlərində masadan kənarda maska taxmalı, əllərini tez-tez yumalı, dezinfeksiya etməlidir.

Azərbaycanda sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə çıxaraq qismən yumşalmaya gedilib, məsələn, rayonlar və Bakı arası gediş-gəlişə qoyulan məhdudiyyət götürüldü, kafe və restoranların qapalı şəkildə işləməsinə icazə verildi, repetitor xidmətinin 10 nəfərədək fəaliyyətinə icazə verildi. Lakin xüsusi karantin rejiminə uyğun olaraq noyabrın 2-dək qüvvədə olan qadağalar var.
Həmin qaydalar bunlardır və vətəndaşlarımız onlara sözsüz əməl etməlidir: 
- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;
- ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;
- "ASAN xidmət” və "DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;
- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;
- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);
- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;
- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;
- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
- masaj və hamam xidmətlərinin göstərilməsi.

Yoluxma sayının artmasında təhsil müəssisələrinin - əsasən orta məktəblərin açılması da əlavə səbəb kimi göstərilir. Dünyada və ölkəmizdə aşkar olunan koronavirus halları arasında uşaqların nisbəti böyüklərdən daha az olsa da, uşaqların daşıyıcı ola biləcəyi istisna edilmir. Bir çox tədqiqatların nəticələri birmənalı şəkildə göstərir ki, vəziyyətlərin böyük əksəriyyətində olan uşaqlar COVID-19-a yüngül formada və ya simptomsuz şəkildə keçirirlər.
Ancaq yüngül formada olsa da, uşaqlar koronavirus infeksiyası mənbəyi olaraq qalır. Eyni zamanda, müşahidələr göstərir ki, yəqin ki, onların "yoluxma dərəcəsi" böyüklərdən daha aşağıdır.

Xəstələrlə aparılan sorğular da təsdiq edir ki, məlum olan əksər hallarda, uşaqlar böyüklərdən yoluxublar, əksinə deyil. Yoluxucu xəstəliklər üzrə mütəxəssisin sözlərinə görə, bu, bir qayda olaraq, uzun müddət davam edən yaxın təmaslarla, ailə dairəsində baş verib.

Mütəxəssislər hesab edir ki, lazımi məsafədə və dezinfeksiya tədbirlərinə tabe olan məktəblərdə şagirdlərin yoluxma riski minimum olacaq. Uşaqları sanitariya standartlarına uyğun əyləşdirmək, havanı vaxtında dezinfeksiya etmək və gigiyenik vasitələrlə təmin etmək vacibdir. Belə şərtlər xəstələnmənin artmasına mane olur.

Bütün bu tələbləri bəzi məktəblərdəki yer çatışmazlığı kontekstində yerinə yetirməyin nə qədər real olduğu başqa bir məsələdir.
Normalara əməl olunmazsa və məsələn, uşaq xəstə ilə eyni masa arxasında 20-30 dəqiqədən çox oturacaqsa, o zaman infeksiya riski mütləq artacaq. 
Nəzərə almaq lazımdır ki, nadir hallarda olsa da uşaqlarda koronavirusun fonunda çox ağır multisistem iltihab yarana bilir. Bu iltihab uşağın ölümünə səbəb ola bilər. Dünyada bir neçə belə hal qeydə alınıb.

Təəssüf ki, bu ağırlaşmanı qabaqcadan proqnozlaşdırmaq və onun qarşısını almaq mümkün deyil. Bunları nəzərə alaraq məktəblərdə sanitar-gigiyenik qaydalara, tələb olunan şərtlərə əməl edilməlidir. Koronavirus cəbhəsini nəzarətsiz qoymamalıyıq.