Əsgərə sovqat göndərəndə ehtiyatlı olmalıyıq

"Vətəndaşlarımız orduya sovqat, bağlama, hansısa başqa yardım göstərmək istəyirsə, bunu mütləq Müdafiə Nazirliyinin xətti ilə həyata keçirməlidir"

Azərbaycan xalqı dövləti, Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı, şanlı ordumuz və onun müzəffər əsgərləri ilə birlik, həmrəylik nümayiş etdirir. 

Cəbhədən gələn hər qələbə xəbərinə, işğaldan azad edilən kəndlərə qəlbindən “əhsən!” sədaları ucalan xalqımız sevincini, fəxarət hissini pandemiyanın zəruri etdiyi karantin rejimi və müharibə vəziyyəti ilə əlaqəli komendant saatı ilə əlaqəli elliklə, nümayişkəranə qeyd edə bilməsə də, həmrəyliyini müxtəlif formalarda bildirməyə çalışır. Bu, paytaxtda, bölgələrdə, küçələrdə, eyvanlarda, pəncərələrdə göz qamaşdıran üçrəngli dövlət bayrağımızın dalğalanmasında da özünü göstərir, vətəndaşlarımızın orduya, Silahlı Qüvvələrə ianələr etməsində də. Təkcə bunlar da deyil xalqımızın birlik-bərabərlik izharı. Az qala hər bir vətəndaş əsgər ailələrinin yaxınına, doğmasına çevrilib bu günlərdə. Tanıdığı, ya tanımadığı, amma hansısa ailədən bir oğulun cəbhədə döyüşdüyü xəbərini alan insanlar toplaşıb həmin ailəni ziyarət edir, əsgər ailəsinə dəstəklərini bildirirlər.

Həmin ailənin yardıma, köməyə ehtiyacı olmaya da bilər, lakin vətəndaşlarımız “cəbhədə düşmənlə üz-üzə dayanan əsgər, zabit arxada qoyduğu ailəsindən qoy narahat olmasın” niyyəti ilə döyür döyüşən ordudakıların qapısını. Budur, Azərbaycan insanının dövlətə, dövlətçiliyə, Vətənə bağlılığı. Eyni hisslərlə vətəndaşlarımız orduya da sovqat aparmaq, əsgərlərimizin hansısa, kiçicik də olsa ehtiyacını qarşılamaq üçün ön cəbhəyə yardım etmək istəyirlər. 

Prezident və birinci xanım örnəkdir 
     
Azərbaycan xalqı üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva ilk növbədə örnəkdir.  Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etməklə xeyirxah təşəbbüsün təməlini qoydular.  

Zəruri qeydi edək; Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.
Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər. 

Bu günlərdə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olan şirkətlərin sayı durmadan artır.
Oktyabrın 21-i tarixinə olan məlumata əsasən, fonda hüquqi şəxslər tərəfindən 45 milyon 422 min 582 manat məbləğində vəsait köçürülməsi qeydə alınıb. Vəsait köçürənlər arasında ölkədə fəaliyyət göstərən iri holdinqlər, şirkətlər, müəssisələr, ayrı-ayrı iş adamları, sahibkarlarla yanaşı, sıravi vətəndaşlar da var. Ən önəmlisi də elə budur. Vətəndaşlarımız əmək haqlarını, təqaüdlərini Orduya dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna köçürür. Bu məbləğlər cüzi də ola bilər, böyük də. Əsas olan insanlarımızın dövlətə bağlılığı, əsgərlərimizə inamı və onlara sevgilərini göstərmək üçün yardım etmək hissinə malik olmalarıdır. Əsl vətəndaşlıq məhz budur. 

Azərbaycanda böyük, heç vaxt görünməyən bir ruh yüksəkliyi var. Qismən səfərbərlik elan edildikdə xalq ayağa qalxdı. Xüsusilə gənclər orduya yazılmaq üçün sıraya düzüldülər. Ön cəbhəyə can atdılar.  

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun torpaqları işğaldan azad etmək iqtidarında olduğunu və buna görə hələlik könüllü dəstələrə ehtiyac olmadığını bəyan etsə də, minlərlə gənc döyüşə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. Proses yenə davam edir, ön cəbhəyə getmək istəyənlər, ordumuz, əsgər və zabitlərlə çiyin-çiyinə dayanmaq istəyir. Xalqımız da var gücü ilə orduya dəstək olur. Cəbhə bölgəsinə göndərilən sovqatlar öz yerində, bəzi vətəndaşlarımız hətta şəxsi əmlaklarını sataraq orduya dəstək olurlar. Bir nümunə göstərək; Bibiheybət sakini, fərdi sahibkar Xanlar Hüseynov Bilgəhdə yerləşən bağ sahəsini satıb, əldə etdiyi vəsaitdən 50 000 manat Müdafiə Nazirliyinin hesabına köçürüb. Bu barədə sosial şəbəkərlərdə məlumat yerləşdirilib. Belə insanlarımız, həmrəy xalqımız varsa, bizə heç bir düşmən qalib gələ bilməz və qalib gələ bilməyəcək. 
Azərbaycan ordusunun qələbələrini şərtləndirən əsas faktorlardan biri məhz ordu-xalq birliyidir. 

Hər bir vətəndaşdan indiki məqamda ehtiyatlılıq tələb olunur   

Amma əsgərə sovqat və yardım məsələsində qaydalara riayət etmək hər şeydən önəmlidir və diqqət edilməli başlıca məsələdir.
Bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyi əhaliyə müraciət etdi və vətəndaşlarımızı diqqətli olmağa çağırdı. 
Müraciətdə bildirilirdi ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.
Eyni zamanda bildiririk ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur. Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti "qaynar xətt" fəaliyyət göstərir:

Sovqat və bağlama məsələsində qaydalara riayət edilməlidir

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, işğal altındakı ərazilərimizdə Azərbaycan ordusunun Ali Baş Komandanının rəhbərliyi altında başlatdığı və bu gün də zəfərlə davam etdirdiyi əks-hücum əməliyyatları xalqla ordu arasındakı bağlılığın möhkəmliyini, sarsılmazlığını bir daha göstərdi. Bununla yanaşı Ü.Cəfərov xalqımıza, vətəndaşlara müharibə şəraitini nəzərə almalarını, Müdafiə Nazirliyinin tövsiyələrinə və tətbiq edilən qaydalara riayət etmələrini məsləhət gördü: 

- Hamımız müşahidə edirik ki, xalqımız Azərbaycan ordusunu, onun hər bir əsgərini, zabitini bağrına basır. Bu, həqiqətən qürurverici, sözlə ifadə edilməsi çətin hisslərdir. Xalqla ordu bir cana dönüb. Amma vətəndaşlarımıza müraciət edirəm, xahiş edirəm, ehtiyatlı olsunlar, ayıq-sayıqlığı itirməsinlər, diqqətli olsunlar. Hazırda çox məsuliyyətli bir dönəmdəyik.

Cəbhədə döyüşlər gedir, rəşadətli ordumuz qələbələr qazanır, həmçinin ölkədə hərbi vəziyyət elan edilib, üstəlik də pandemiya şəraitindəyik. Koronavirusa yoluxma sayında təəssüf ki, artım var. Belə vəziyyətdə orduya, hərbi hissələrə göndərilən, yaxud aparılan sovqatlarla bağlı həddən artıq, maksimum ehtiyatlı olmaq lazımdır.

Təsəvvür edin ki, əsgərə göndərilən adi corabdan da ayaqlarına infeksiya düşə bilər, hansısa xəstəlik keçər. Xalqımız əlbəttə bunu istəməz, amma gözləmədiyimiz halda belə bir təhlükəli durumla qarşılaşa bilərik. Hamımız vətəndaşların hisslərini anlayırıq, çünki bütün xalq olaraq hazırda vətənpərvərlik, yardımsevərlik kimi yüksək, ali hisslər keçiririk.

Səbəbi də məlumdur. 28 ildən sonra Ordumuz zəfər çalır, gözü yolda qalmış yurd yerlərimiz, erməni tapdağı altında illərdir inləyən torpaqlarımızı Azərbaycan əsgəri əsarətdən xilas edir. Hamımız əsgərlərimizə, orduya nəyləsə kömək etməyə can atırıq.

Lakin hərbin öz qanunları var. Hərbi hissələrə sovqatlar mütləq qaydalara uyğun şəkildə çatdırılmalıdır. Həm Müdafiə Nazirliyi, həm də  Dövlət Sərhəd Xidməti tərəfindən bu işlər xüsusi nəzarətə götürülüb.

Orduya edilən yardımlar, aparılan sovqatlar, bölgələrdə yerli əhalinin əsgərlərimizə çatdırdığı bağlamalar ciddi şəkildə yoxlanır. Düşmən çox mənfur və hiyləgərdir. Havadarları da sakit dayanmır. Fürsət gözləyirlər ki, Azərbaycan ordusuna, Azərbaycan əsgərinə zərbə vursunlar.

Biz bu fürsəti onlara verməməliyik. Xalqımız qəbul etsin ki, bizim ürəyimizdən gələrək etdiyimiz yardımlar, göndərdiyimiz sovqatlar, bağlamalar əsgərlərimiz üçün yararsız, lazımsız, hətta təhlükəli də ola bilər.

Bəlkə hansısa ərzaq məhsulunun istifadə müddəti bitib, bəlkə hansısa ərzaq, qida məhsulu əsgərlərimizin hazırda yerləşdiyi ərazi, yerləşmə nöqtəsi baxımından gərəksizdir, həmin ərzaqlar Allah göstərməsin, zəhərlənmə, yaxud, bağırsaq pozğunluğu yarada bilər.

Ona görə də vətəndaşlarımız orduya sovqat, bağlama, hansısa başqa yardım göstərmək istəyirsə, bunu mütləq Müdafiə Nazirliyinin xətti ilə həyata keçirməlidir.

Müdafiə Nazirliyi əlaqə nömrələrini bildirib, hara, necə müraciət etmək lazımdır, əhaliyə elan edilir. Vətəndaşlarımız anlayışlı olsunlar və Ordumuzun işini çətinləşdirməsinlər.

Ü.Cəfərov qeyd etdi ki, hazırda Azərbaycan ordusunun təminat-təchizat məsələləri yüksək səviyyədədir. Ordumuzun yalnız mənəvi dəstəyə ehtiyacı var, onu da xalqımız göstərir.

Bizim vətəndaş olaraq üzərimizə düşən vəzifə son döyüş gününədək, tam Qələbə elan olunanadək ayıq-sayıqlığı  itirməməkdir.