Şəhərin mərkəzindən və girişindən uzaqdır

Zəfər muzeyi paytaxtın girişində və ən uca yerlərdə yaradılsa yaxşı olardı

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək. Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleks də həmin parkda qurulacaq. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində düşmənin ələ keçirilmiş hərbi texnikaları əraziyə gətirilib. Hərbi texnikalar açıq havada Bakı sakinləri və qonaqlar üçün nümayiş olunacaq. 

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Prezident İlham Əliev ötən il dekabrın 3-də müvafiq sərəncam imzalayıb. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Zəfər muzeyinin yaradılması, hərbi qənimətlərin, darmadağın edilmiş düşmən hərbi texnikasının da muzeydə sərgilənəcəyi illər öncə Quzey Kıbrısda ziyarət etdiyim açıq havada muzeyi yadıma saldı. Qeyd edim ki, 1974-cü ildə Kıbrıs adasına barış, Kıbrıs türklərinə qələbə qazandıran qəhrəman türk əsgərlərinin şəhid olduğu məkanda  - Girnə sahillərində (Girnə-Alsancaq yolu üstündədir, türk əsgəri burdan adaya həmlə edib)  Şəhidlər Xiyabanı – Qaraoğlan Şəhidliyi - salınıb, Barış və Özgürlük Muzeyi yaradılıb. Şəhidlərin xatirəsinə abidə ucalır. Yəni şəhidliyi, abidəsi, muzeyi ilə birlikdə memorial kompleksdi. Muzeyin həm qapalı salonu, həm də açıq hava altında ekspozisiya sahəsi var. Həm türk əsgərinin əldə etdiyi düşmən texnikası, həm də Barış hərəkatı zamanı istifadə olunan hərbi texnika açıq havada nümayiş olunur. Bunu ona görə xatırlatdım ki, müxtəlif ölkələrdə belə nümunələr mövcuddur. Memorial kompleks, muzey yaradılarkən bu cür nümunələrə müraciət etmək də olar. Yaxşı cəhətləri ərz etmək faydalı olar, hər halda. Nəzərə alaq ki, bizim İstiqlal Muzeyi təcrübəmiz də var artıq. Amma şübhəsiz Zəfər muzeyi daşıdığı mahiyyətə görə digərlərindən fərqli olmalıdır. Zəfər muzeyinin digər muzeylərdən fərqi nə olacaq? Bu muzey başqalarından necə seçilməlidir? 

Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı “Şərq”ə açıqlamasında  qeyd etdi ki, tarix boyu belə  xatirə abidələrinin tikildiyi məlumdur: 

- Zəfər tağları, qüllələr inşa edilib, qazanılan zəfəri xatırladıb. Amma həmin abidələr adətən şəhərlərin girişində, yaxud ən uca yerlərdə yaradılıb. Stalinqraddakı (indiki Volqoqrad) “Mamayev Kurqan”da olmuşam, məhz hündürlükdə, ən görməli yerdə yerləşir, daim qələbənin dəyərini xatırladır. Nobel prospektinin hansı kriteriyalarla seçildiyini bilmirəm, amma şəhərin mərkəzindən və girişindən uzaqdır. Vətən müharibəsi  dövlətçiliyin bir parçasıdır, amma Zəfər muzeyi fərqli xüsusiyyətlərə və funksiyaya malikdir.  Başlıcası, dövlətin o abidəyə diqqətinin əvəzini vermək, yəni insanların yaddaşında Zəfərin çəkisini daim diri saxlamaq yönündə fəaliyyət göstərmək lazımdır.  Açıq havada saxlanılan eksponatların xüsusi qorunma şəraiti olmalıdır.  Açıq havada eksponatların sərgilənməsi ziyarətçilərin diqqətini çəkir. Bu da muzey ənənələrindən biridir. Yəqin muzeyin təşkilatçıları eksponatların saxlanması, qorunması məsələlərini də nəzərə alarlar. Ümumən memorial kompleks də, Zəfər muzeyi də qazanılan qələbənin dəyərini, xalqımız, Vətənimiz üçün necə bir dərin mahiyyət daşıdığını əks etdirməlidir. Ən istedadlı, bacarıqlı rəssamlar, heykəltəraşlar, memarlar cəlb olunmalıdır bu işə.