Sosioloq özü də psixoloji zədə alıb

"Mətbuatda intihar hadisələrinin verilməsi məhdudlaşdırılmalıdır"


Bütün canlılar yaşamaq üçün səy göstərirlər. Bu o qədər dərindən köklənmiş bir impulsdur ki, ən mürəkkəb cəmiyyət belə qursaq, hər birimiz həyatda qalmaq üçün mübarizə aparacağıq. Lakin bəziləri səy göstərməyə dözə bilmir, “təslim olur”. Səbəbindən və məntiqindən asılı olmayaraq öz həyatını əlindən almağa intihara deyilir. Son vaxtlar ölkəmizdə intihar nəticəsində ölənlərin sayı da artır. 
Dünən Abşeron rayonunda daha bir intihar hadisəsi baş verib. 30 yaşlı Nurlan Mollayev yaşadığı evin həyətində özünə qəsd edib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Tendensiya halını alan  intihar hadisələri ilə bağlı sosioloq Sahib Altay “Şərq”ə danışıb. O, haqqında danışmaq istəmədiyi mövzulardan birinin intihar olduğunu bildirib:

“Ailəmdə iki doğmamın həyatı intihar ilə sona çatıb. Bu özümdə də travma halına çevrilib. 

Dünya ədəbiyyat tarixində ən çox intihar şahidi olan şəxs Heminquey olub. Onun ətrafında özünə qəsd edənlərin sayı çoxdur. Jurnalist intihar mövzusu ilə bağlı ondan  müsahibə götürür. Heminquey də intihara belə tərif verir: “Məni həyata bağlayan araşdırmaq, bilgi öyrənmək  kimi müəyyən səbəblər var.  Öz daxilimdə  həmişə arzulayıram ki, bəzi suallara  heç vaxt cavab tapmayım, yaxud uzun müddətdən sonra cavab tapım ki, intihar etməyim”. Həmin müsahibədən sonra Heminquey intihar edir. Onu həyata bağlayan stimulverici bir şey olmur”. 

 Sosioloq orta əsrlərdə Avropada yaranan “Verter sindromu”ndan söz açıb:

“Alman yazıçısı İohann Volfqanq Göte "Gənc Verterin iztirabları" əsərinin sonunda qəhrəman Verter intihar edir. Bu əsər məşhurlaşandan   sonra həmin qəhrəmandan təsirlənənlər intihara əl atır. Mövcud məsələ elmə yansıyır və adını “Verter sindromu” qoyurlar. Dünya  elm tarixində ABŞ-ın Kaliforniya universitetində sosial tədqiqatçı David Flip  1947-62-ci illər ərzində araşdırma  nəticəsində sübut edib ki, intihar epidemiya halını ala bilir. Devid Flipin təcrübələri  intihar hadisələrinin birbaşa olaraq mətbuatla əlaqəli olduğunu göstərir. 15 il ərzində ABŞ-ın ştatlarında baş verən intihar hadisələrinə nəzər salır, sonra da  mətbuatda işıqlandırılan intihar hadisələrinə baxır. Görür ki, həmin illərdə bu mövzu hansı şəkildə dərc olunubsa,  o ərəfədə baş verən özünəqəsd hadisələri eyni cür baş verib. Çoxsaylı intiharlar eyni zaman kəsiyində olub.  Nəticəyə gəliblər ki,  hadisələrin mətbuatda gündəmə gəlməsi daha çox intihara səbəb olur”.

S.Altay bildirib ki, pandemiya Azərbaycanda ikiqat psixoloji sindroma səbəb olub:

“Biz  koronavirusla paralel olaraq müharibə dönəmini yaşadıq. Ölkədə 3 min şəhid ailəsi, yüzlərlə qazi, həmçinin ağır həyat tərzi keçirən, işsiz qalan şəxslər var. Bu səbəblərin hamısı yığılıb intihar ilə nəticələnib.  Xaricdə mətbu orqanlarda  intihar edən şəxslərin kimlikləri tam dəqiqliklə yayımlanmır, xüsusi şərtlər əsasında işıqlandırılır. Məncə, mətbuatda intihar hadisələrinin işıqlandırılması  məhdudlaşdırılmalıdır. Dövlət də bu məsələyə diqqət yetirməlidir”.