"YAŞAT" Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. İsrailli həkimlər qazilərimizim müayinəsi və müalicəsi üçün əllərindən gələni edirlər. Özü də təmmənnasız... Bəli, protezlərin qiymətindən başqa heç bir ödəniş almayıblar. Qazilərimiz də onların xidmətindən razıdır.
Bu yaxınlarda maraqlı situasiya baş vermişdi. İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gələrək müalicə olunan qazilərimizə baş çəkib.
Qazi şokolad ilə səfirə təşəkkürünü bildirib. Bu barədə səfir özü "Twitter" səhifəsində paylaşım etmişdi:
“Əslində, şokolad həvəskarı deyiləm, amma bu “Snickers” nə vaxtsa, aldığım hədiyyələr arasında ən dəyərlisindən biridir. Arif müharibədə görmə qabiliyyətini itirmişdi, amma israilli həkimlərin keçirdiyi əməliyyatdan sonra sağaldı. Bu “Snickers” də Arifin təşəkkürünü bildirmək vasitəsi oldu”.
Qarabağ qazilərinə göstərilən diqqətlə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev fikirlərini "Sherg.az"la bölüşüb:
"Müharibə dönəmində də İsraillə əlaqələr qurulurdu. İndi isə həkimlər qazilərimizə diqqət, qayğı göstərirlər. Mən bunu dövlətlərarası dostluq, qardaşlıq nümunəsi çərçivəsində yüksək qiymətləndirirəm. Qazilər birliyinin sədri olaraq bu təşəbbüsə görə istər Azərbaycan, istər Türkiyə, istərsə də İsrailin həkimlərinə dərin minnətdarlığımı bildirirəm".