Son günlər intihar hadisəsi ilə çox rastlaşırıq. Bu dəfə situasiya bir qədər fərqli olub. Martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Birgə intihar etdikləri deyilən iki şagirddən biri - Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir. Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb. Babanın sözlərinə görə, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından nəvəsi də onun arxasınca yıxılıb.
Mərhum Mətanət Quliyevanın atası Elşən Quliyevin sözlərinə görə, qızlar sefi çəkdirirmiş: “Onlar şəkil üçün ora çıxıblar. Biri sürüşüb, digəri də onu tutmaq istəyib. İkisi də yıxılıb. İntiharla bağlı heç bir dəlil yoxdur”.
E.Quliyev bildirib ki, üç övladı var. M.Quliyeva onun üçüncü övladı olub.
Hazırda istintaq davam edir. Araşdırmalar nəticəsində əsas səbəb bəlli olacaq. Lakin şagirdlərin niyə bu cür addım atdığı sual doğurur. Bəziləri problemi karantin dövrünün yaratdığı ünsiyyətsizliklə əlaqələndirir. Məlumdur ki, tədris 1 ildir bağlıdır, hazırda qismən bərpa işləri gedir. Şagirdlər də mövcud vəziyyətə görə qarşılıqlı ünsiyyətdən kənar qalıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov dünən baş verən hadisəni faciə adlandırıb:
“Məsələyə birmənalı qiymət vermək çətindir. Hadisə ilə bağlı istintaq tədbirləri keçirilir. Araşdırmalardan sonra hadisənin səbəbi müəyyən olacaq. Belə bir fikir var ki, şagirdlərdən biri digərini xilas etməyə çalışdığı üçün ikisi də həyatını dəyişib. Ümumiyyətlə, müxtəlif yanaşmalar var. Dünənə qədər prioritet olan məqamlar var idi. İnsanın başının üstündə damı, yeməyə çörəyi varsa, onun intihar etməsi üçün nə problemi var? Söhbət insanın hisslərindən, duyğularından gedir. Bu gözlə görünən hal deyil. İnsan o hissi daxilində çəkir. Hər kəsə də müxtəlif cür təsir göstərir.
E.Rüstəmov duruma həssas yanaşmaq lazım olduğunu bildirib:
“Yeniyetmənin ya özü, ya ailəsi ilə bağlı problemi olub, və yaxud da başqa bir səbəbdən irəli gəlib. Bu gün intihar xəbərləri sosial şəbəkələrdə tirajlanır, həmin xəbərlər də insanların psixologiyasına təsir edir. İnkişaf etmiş ölkələrdə bu cür xəbərlərin geniş yayılmasına imkan vermirlər. Belə olan təqdirdə ətrafda olan adamlara intihar çıxış yolu kimi görünür. Nəzərə almaq lazımdır ki, özünəqəsd geri dönüşü olmayan hadisədir".
Psixoloq valideynləri diqqətli olmağa çağırıb:
"Etiraf etmək lazımdır ki, bəzən valideyn övladını yaxşı tanımır. Onu vizual olaraq görür, hansı narahatlığı olduğu ilə əlaqədar məlumatsız qalır. Artıq bir ildir, məktəblər onlayn rejimdədir, ünsiyyət azalıb. İndi isə qismən tədris bərpa olunub. Belə hal da duruma təsir göstərə bilər”.