Toyuq əti yararsız çıxdı:“...Məhv etmək lazımdır”

Artıq bir müddətdir ki, bəzi xarici dövlətlərdən ət və ət məhsullarının Azərbaycana idxalına qadağa qoyulub. Bu dəfə Azərbaycan Qida Təhlükəsizliyin Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Caspian Catering Supply" MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək AQTA-nın müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.



Mövzu ilə bağlı  qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev “Sherg.az”a danışıb. O, bildirib ki, AQTA mütəmadi olaraq belə monitorinqlər həyata keçirir:

“Məhsulun tərkibində toksikoloji maddələr, yaxud mikrobioloji çirklənmə kimi müxtəlif hallar ola bilər.

Bunların hamısı qanunla tənzimlənir. Ümumiyyətlə, atılan addımları müsbət dəyərləndirmək lazımdır.

Xammalın tərkibi  zərərli inqrediyentlərə yoluxubsa, deməli onların ölkəyə nəinki gətirilməsinə qadağa qoymaq, hətta  öncədən gətirilən məhsulları da məhv etmək lazımdır”.