FHN rəsmisi: "Mürəkkəb reylefli ərazidə yanğınsöndürənlərimiz tapşırıqları icra edir"

"Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Aydın vilayətinin Akçaoba kəndində yerləşən dağlıq ərazidə olan meşə massivindəki yanğınlara cəlb olunub".

Bu sözləri APA-nın Türkiyəyə ezam olunan müxbirinə açıqlamasında FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

O bildirib ki, ərazi çox mürəkkəb reylefə malikdir: "Havanın küləkli olması yanğının söndürülməsində çətinlik yaradır. Buna baxmayaraq, azərbaycanlı yanğınsöndürənlər türk qardaşları ilə birlikdə yanğının söndürülməsi əməliyyatına cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatını da icra edirlər".

T. Abbaslı qeyd edib ki, FHN-in Türkiyədəki nümayəndə heyətinə rəhbərlik edən nazir müavini, general-leytenant Etibar Mirzəyev də ərazidədir: "O da türkiyəli həmkarları ilə birlikdə vəziyyəti dəyərləndirib və yanğınların söndürülməsi istiqamətində görüləcək tədbirləri müzakirə ediblər".