Gürcüstanda Azərbaycanla sərhəddə köçəri quşların ovlanmasına qadağa qoyulub


Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Dedoplitskaro bələdiyyəsinin Samux vadisində köçəri quşların ovlanmasına qadağa qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vadidə ovun aparılması ceyranların bərpası üzrə layihənin reallaşdırılmasına ciddi təhlükə yaradır. Atəş səsləri ceyranları qorxudur və onları davranışlarını dəyişərək açıq sahələrdən qaçaraq meşələrdə gizlənməyə məcbur edir. Bu səbəbdən nadir heyvanların canavarlar və digər vəhşi heyvanlar tərəfindən məhvi asanlaşır.

Qeyd olunur ki, 2022-ci il martın 1-dək qüvvədə olacaq qadağanın icrasına Ekoloji Nəzarət Departamenti nəzarət edəcək.

Xatırladaq ki, 2013-cü ildən etibarən Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü ilə Qafqazda Azərbaycanın və Gürcüstanın müvafiq qurumlarının iştirakı ilə ceyranların populyasiyasının bərpası üzrə layihə həyata keçirilir.

Azərbaycandan Gürcüstana 70-dən çox ceyran aparılaraq vəhşi təbiətə buraxılıb. 2013-cü ildə Samux vadisinə 10 ceyran buraxılıb və hazırda onların sayı artıq 150-yə çatıb.