Yazıçı-jurnalist dəfn olundu - FOTOLAR 

Salyan rayonunun ədəbi içtimaiyyətinə ağır itki  üz vermişdir. Pedaqoq, peşəkar jurnalist, İstedadlı nasir, şair və  tərcüməci Fəxrəddin Becan oğlu Fərzəliyev   8 avqust 2021- ci il tarixdə, ömrünün 72 –ci ilində  vəfat etmişdir. O, 1949-cu ildə Salyan rayonunun Xalac kəndində dünyaya  gəlmiş və bütün mənalı həyatını doğulduğu, çalışdığı rayonun, bölgənin və respublikanın ictimai siyasi həyatının salnaməsini yaratmağa, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr etmişdir.
F.Fərzəliyev 1975- ci ildə Salyan rayonunun içtimai -siyasi qəzeti olan “Qələbə”də əmək fəaliyyətinə başlamış və burada müxbir, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində işləmişdir. O, həmçinin müstəqil “Aysberq və həyat “qəzetinin baş redaktoru idi.
F.Fərzəliyev 50 ilə yaxın bir müddətdə mətbuat sahəsində qələm çalmış, ozünün dürüstlüyü, səmimiyyəti, istedadı və zəhməti hesabına təkcə çalışdığı kollektiv arasında deyil, həm də rayon, o cümlədən respublikamızın ədəbi ictimaiyyəti arasında çox böyük hörmət  və nüfuz qazanmışdı. Hamı onu  savadlı, dərin analtik qabiliyyətə, yaddaşa, ensiklopedik biliyə malik  ziyalı kimi tanıyırdı. Bir çox ədəbi mükafatların müəllifi olan Fəxrəddin müəllimin yazıları  respublikanın və keçmiş SSRİ-nin aparıcı  nəşrlərində dəfələrlə çap olunmuşdur.
F.Fərzəliyev çox istedadlı naşir idi. Çox  sayda bədii publisistik kitabların müəllifi olmaqla bərabər ata-baba yurdu olan Dərələyaz mahalının tarixi  mədəni etnoqrafik irsinin təbliği, onun insanları barədə  
maraqlı tədqiqatların müəllifidir. O, həm də gənc yazarların da bu asan olmayan  yolda irəliləməsində, tanınmasında xüsusi fəalliq göstərirdi. Yeni ədəbi qüvvələrin kitablarının hazırlanması və çapı üçün çox doğmalıqla çalışırdı. Yüzdən artıq kitaba redaktorluq etmiş, ön söz yazmış və  çapı üçün nəşriyyatlarla  işləməkdən yorulmamışdır.
Fəxrəddin müəllim həyat yoldaşı ilə birlikdə  cəmiyyətimiz üçün iki vətənpərvər, savadlı oğul böyüdüb tərbiyyə etmişlər. Oğlanları bu gün onun ailə ənənələrini layiqincə davam etdirməkdədirlər. O, təkcə ailədə deyil, eyni zamanda ali təhsilli kimya müəllimi kimi repetitorluq fəaliyyəti ilə məşğul olmuş və yüzlərlə məzunun ali təhsil almasında, xüsusən tibb sahəsində ixitisaslara yiyələnməsində əmək qoymuşdur. Onun dinləyiciləri  arasında bu gün  yüksək vəzifələrdə çalışanlar çoxdur.
Fəxrəddin Fərzəliyev “Qələbə” qəzeti  kollektivi üçün savadlı iş yoldaşı, mehriman dost, səmimi  yoldaş və  ağsaqqal  bir insan idi. Onun xatirəsi bizim qəlbimizdən heç zaman çıxmayacaqdır. Həyat yoldaşı Etiraz xanıma, oğlanarı Vüsal həkimə, mühəndis Sirusa, qardaşlarına, yaxınlarına və doğmalarına dərin hüznlə baş sağlığı veririk.
Allah rəhmət etsin.
Bu gün avqust ayının səkkizində mərhum doğulduğu Xalac kənd qəbristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində ailə üzvləri, qohumlarla bərabər çalışdığı “Qələbə”qəzetinin yaradıcı kollektivi, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şair-publisist Nizami Oruc, Ağamalıyev Hacı İmamqulu, Qələbə qəzetinin  baş redaktoru Rüstəm Məlikov, müxbir, şair-publisist Əzizağa Məmmədli,Azərbaycan Yazıçılar Birliyinin üzvü,Prezident təqaüdçüsü,şair Emil Rasimoğlu, kənd ağsaqqallarından Məmməd Əmrəliye və başqaları çıxış edərək mərhumun  yüksək insani keyfiyyətləri barədə danışmış, onun həyat və fəaliyyəti barədə unudulmaz xatirələrini söyləmişlər. (anakur.az)