Sosioloqda sərt təndiq: “Ağzıköpüklü mollalar…”

“...Ancaq ölümdən, qəbiristanlıqdan, əzabdan, qaynar samovardan danışırlar”

“Bir hissəsi sinə vurub, yas qurur, digər hissəsi də balağın ölçüsü kimi primitiv fikirlərlə çıxış edir”


“Bu gün Azərbaycanda bir mollanın, din xadiminin dinləyicisi, izləyicisi bir müəllimin, ziyalının, aydının, yazıçının, publisistin izləyicisindən qat-qat çoxdur. Üstəlik, dinləməklə yanaşı, mollanın dediyinə əməl edənlər də çoxdur. Aydın isə öz izləyicisini söyülə-söyülə, məsxərəyə qoyula-qoyula toplayır, onların da əksəriyyəti alqışlayır, “Əhsən”, “Əla” deyir, sonra yenə gedib, öz işi ilə məşğul olur”.
 Bu sözləri sosioloq Sahib Altay deyib.

O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Mollaya qulaq asanların elm adamına qulaq asmaması, hüquqi cəmiyyət formalaşdırmaq istəməməsi bir yana, heç dini də olduğu kimi mənimsəyə bilmirlər.

Quran kimi ziddiyyətli, tarixi hadisələrin fonunda fəlsəfi oyunlarla, bədii təsvirlərlə zəngin bir kitabı mollalar sadəcə qəbir əzabının, qiyamətin, cəhənnəmin timsalında qorxu nitqləri fonunda kütləni manipulyasiya etməklə, özləri üçün qazanc mənbəyinə çeviriblər. İnanclı insan üçün təqdim olunan İslam ona heç bir həyat, yaşayış, pozitivlik vəd etmir.

Ağzıköpüklü mollalar ancaq ölümdən, qəbiristanlıqdan, əzabdan, qaynar samovardan danışırlar. Bir hissəsi sinə vurub, yas qurur, digər hissəsi də balağın ölçüsü kimi primitiv fikirlərlə çıxış edir.

Ortada qalan, “Nə sünniyəm, nə şiəyəm” deyənlər də “Əsas ürəyin təmiz olsun" təsəllisi ilə özlərini ovudurlar. 14 əsr öncə vəfat etmiş şəxsin 14 əsr sonra qırxını qeyd etməyini insanlara təbliğ edən sinəvuran mərsiyəxanlar insanlara nə din fəlsəfəsi anladacaqlar? Tez-tez kimlərdənsə eşidirik: 

"Hacı filankəsi, Məşədi feşmankəsi, Kərbəlayi bəhmankəsi sağ olsun, bizim mənəviyyatımızı xilas etdi".

Hansı mənəviyyatı? Elmə yiyələnməyimiz, hüquqi cəmiyyət qurmağımız cəhənnəm, heç olmasa inandığımıza təbii inanardıq. Bir daha qeyd edirəm, əlimizdə olmayan dəyərlər cəhənnəm, olanlarsa da bizə normal cəmiyyət qurmaq imkanı vermir...”.