“Deputat bir kəlmə ilə özünü də, hökuməti də hədəfə çevirir”

“Bəzi parlamentarilər özlərini yeni statusda fərqli aparmaq istəyirlər”

“Amma formasnı tapa bilmirlər. Ona görə də bəzən özləri də bilmədən çıxışlarında, nitqlərində səhvlər edirlər”


“Bəzi deputatlar sosial media alqoritmlərini yaxşı çözüblər. Alacaqları sərt reaksiyanı hesablayıb o reaksiyayla “starlaşdıqlarını” düşünürlər. Bircə şey edirlər, nəyə çox etiraz alacaqlarsa, onu paylaşırlar. Bilə-bilə. Nə vaxt trolluq edəcəklərini, kimlərdən necə reaksiya alacaqlarını yaxşı hesablayırlar. Bilirlər ki, reaksiya məsələnin mahiyyətindən daha çox danışılacaq, daha çox paylaşılacaq. Bunlar gündəlik həyatda da çox qarşılaşdığımız troll ruhlu insanlardır. Aralarında “gənc yazıçı”sı da var, “ictimai xadimi” də, “ekspert”i də. Təkcə sosial şəbəkələrdə yoxdular, parlamentə də düşə bilirlər”. 
Bu sözləri media eksprti Rizvan Qənbərli deyib.

 Həqiqətən, son vaxtlar deputatların özbaşınalıqları baş alıb gedir. Xaçmazın “millət vəkili”(bu ifadəni dırnaqsız yazmağa əlim gəlmədi) Eldəniz Səlimovun “əhvalatından” sonra özünü təhsil eksperti kimi təqdim edən parlamentari Etibar Əliyevin “Facebook” statusunda “Ala qancıq tayadan düşməmiş” ifadəsini işlətməsi ciddi müzakirələrə səbəb olub. O, özü bunu zaman mənasında dediyini iddia edir. Bəlkə də, həqiqətən, belədir. Amma istənilən halda ziyalı şəxs, yüzlərlə seçicisi olan deputat niyə bu sözdən istifadə etsin? Özü də sosial şəbəkədə, ictimai məkanda...

 Sosioloq Əhməd Qəşəmoğlu analoji hallar barədə “Sherg.az”a danışdı:

“1995-ci ildə növbəti parlament seçkiləi keçiriləndə mən oradakı elmi mərkəzin rəhbəri idim. Həmin vaxt da belə nataraz ifadələr işlədən deputatlar var idi. Bir dəfə keçmiş millət vəkili Fərəməz Maqsudov elələrinə səslənərək dedi ki, əvvəl kim olduğunuzu hər birimiz yaxşı bilirik.

Əvvəl kim idinizsə, yenə osunuz. Bəzi deputatlar özlərini yeni statusda fərqli aparmaq istəyirlər.

Amma formasnı tapa bilmirlər. Ona görə də bəzən özləri də bilmədən çıxışlarında, nitqlərində səhvlər edirlər. Bir qrup deputat “Millət vəkilidir, ancaq səsi çıxmır” iradına cavab olaraq fəallaşır. Lakin istənilən halda yenə də öz səviyyəsini göstərir. Bəzilərinin səviyyələri, bəzilərinin isə təcrübələri çatmır. Əvvəllər də belə halla olurdu: parlamentari bir kəlmə ilə həm özünü, həm də hökuməti tənqid hədəfinə çevirirdi”.

Ə.Qəşəmoğlunun fikrincə, deputatın toxunulmazlıq hüququ olmalıdır:

“Bu, təkcə Azərbaycanda yox, dünyada tətbiq olunan praktikadır. Millət vəkilinin toxunulmazlıq hüququnun olması onun baş verən proseslərdə yaxın iştirak etməsinə imkan verir. Parlamentari toxunulmazlıq hüququna malik olanda özünü daha inamlı hesab edir.

Amma bundan sui-istifadə şəxs mütləq cəzalanmalı, ictimai tənqidə məruz qalmalıdır”.