“Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99 faiz sual altındadır"

Hacı Surxayın açıqlaması cəmiyyətdə ciddi rezonans doğurdu

"Bu məsələyə fərqli münasibət sərgiləyən insanların bir-birinə daha dözümlü yanaşması lazımdır"

İlahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxayın Məhərrəmlikdə toy-nişan məclislərinin qurulması ilə bağlı açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Din xadimi deyib ki, Məhərrəm ayında toy etməyə icazə yoxdur və bu, Peyğəmbərin ailəsinə qarşı təhqirdir.

Həmçinin, qeyd edib ki, Məhərrəmlikdə sevinmək də, toy etmək də məsləhət görülmür: “Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99 faiz sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir”.

Sosial şəbəkədə geniş müzakirələrə səbəb olan açıqlamaya QMİ nümayəndəsi Hacı Şahin Həsənli də münasibət bildirib. İlahiyyatçı vurğulayıb ki, Məhərrəm ayında toy etmək qadağalar kateqoriyasına daxil deyil:
“Olar-olmaz məsələsi də deyil, şəriətimiz buna icazə verir, halal-haram mövzusu deyil. Bu, könül, qəlb məsələsidir. Kərbəla faciəsi uzun müddətdir ki, geniş şəkildə qeyd olunur. Əsrlər keçdikcə insanlar könüllü olaraq şadlıq mərasimlərindən imtina ediblər. Ona görə də məhərrəmlikdə toy etməmək könül məsələsidir”. Hacı Şahin Həsənlinin fikrincə, bu, o qədər böyük bir faciədir ki, ehtiram əlaməti olaraq insanlar bu ayları ağır ay kimi qəbul ediblər: “Ona görə də toy etməyi məqsədəuyğun saymayıblar. Toydan, şadyanalıqdan imtina ediblər. Mən də hesab edirəm ki, Peyğəmbər ailəsinə, dinimizə sayğı əlaməti olaraq bu ənənə elə davam etsə, daha yaxşı olar. Məhərrəm ayında toy edənlərin uşaqlarının aqibətinin necə olacağı ilə bağlı qəti bir şey deyə bilmərəm. Heç kimə bəla arzu etmirik. Burada söhbət mənəvi öhdəlikdən gedir. Vacib deyil ki, insanlar hansısa cəza ilə qarşılaşsın, sonra bu əməli tərk eləsin”.

AĞ Partiya sədrinin ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, qeyd edilən fikrin subyektiv olduğunu din xadiminin özü ifadə edib. Partiya rəsmisinin sözlərinə görə, Azərbaycan hər iki məzhəbdən olan müsəlmanların yaşadığı ölkədir:

“Tarixən Azərbaycanın Bakı, Lənkəran, Naxçıvan və digər bölgələrində məhərrəm ayına xüsusi həssaslıqla yanaşılıb. Bu ayda toy edilməyib. Ancaq Qazax, Qusar, Quba, Zaqatala və digər bölgələrdə məsələyə baxış fərqli olub. Peyğəmbər əleyhissəlamın ailəsinə hər bir müsəlman ehtiram edir. Lakin bu məsələyə fərqli münasibət sərgiləyən insanların bir-birinə daha dözümlü yanaşması lazımdır. Ona görə din xadimləri daha korrekt ifadələr seçsələr gözəl olar. Əlbəttə, din xadimi Məhərrəm ayında insanlara toy etməməyi tövsiyə edə bilər. Amma uşaqların sağlamlığı kimi məsələlər belə tövsiyələrdə istifadə edilməməlidir. Ümumiyyətlə, bu cür məsələlərin çözümü cəmiyyətin düzgün dini maarifləndirilməsindən keçir”.