Yalançı imam, "Mehdi" insanları ələ salıb

"Ölkədə dini maarifçilik səhih və dolğun olmadığı üçün belə adamlara inananlar artıb"


Özünü “12-ci İmam”, “Mehdi” kimi qələmə verərək insanlardan pul toplayan daha bir şəxs həbs olunub. Bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini Aqil Babayevin 2000-2021-ci illər ərzində dələduzluq, etibardan sui-istifadə etmə yolu ilə insanların külli miqdarda pullarını ələ keçirdiyini bildiriblər. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü “Mehdi” kimi qələmə verərək, külli miqdarda pul mənimsəyib və öz həyat səviyyəsini yüksəldib. Təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən “yaxşılıqlar” və maddi çətinliyi olan insanlara “köməklik” etmək məqsədi ilə göndərildiyini bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişi edilməsini tələb edib.

Topladığı maddi vəsaitlərin kasıb insanlara paylanıldığı təəssüratını yaradıb. Hətta Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Əldə etdiyi vəsaitlə Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri baş idarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər. 

İlahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında belə saxtakarların və onlara inananların hər zaman olduğunu vurğulayıb. Ekspert bildirib ki, indiyədək yüzlərlə yalançı Mehdi “zühur” edib:

“İnsanlar müxtəlif səbəblərdən bu cür fikirlərə düşüblər. Çox zaman psixi xəstə və dələduzlar belə iddialarla çıxış edir. Bəzən də siyasi məqsədə çatmaq üçün sadəlövh və dini savadı zəif olan zümrəni ələ almaq üçün belə iddialara baş vururlar. Göründüyü kimi, bu şəxs də açıq-aşkar dələduzluq edirmiş və öz əməlini gizlətmək üçün bu yola baş vurub. Ümumiyyətlə, “Mehdilik” islam dinində o qədər də önəmli məsələ və inanılması vacib olan prinsip deyil. Sadəcə Peyğəmbərin hədislərində belə bir şey deyilib ki, “Dünyanın sonuna yaxın adı mənim adımdan, atasının adı da mənim atamın adından olan Mehdi ləqəbli bir saleh insan doğularaq ədaləti bərpa edəcək”. “Quran”da isə ümumiyyətlə belə bir inanc yoxdur”.

T.İrfan əlavə edib ki, zaman-zaman müxtəlif məzhəblər daha çox diqqət çəkmək və tərəfdar yığmaq üçün ortaya bəzi adamlar atıblar ki, guya onlar məhz Peyğəmbərin dediyi şəxsdir:

“Fəqət zaman özü sübut edib ki, həmin şəxslər sözügedən “Mehdi” deyil. Hesab edirəm ki, yalançı mehdilərə inananlar dini savadı və dünya görüşü zəif olanlardır. Həm də ölkədə dini maarifçilik səhih və dolğun olmadığı üçün belə adamlara inananlar artıb. İnsanlar ayıq-sayıq olmalı, onların inancından sui-istifadə edən dələduz və yalançılara inanmamalıdırlar. Təbii ki, belə hallarla üzləşənlər mütləq hüquq-mühafizə orqanlarına məlumat verməlidir”.