Həkimlər evlərə virus daşımır


Şahvələd Məmmədov: "Təcili Yardım briqadası  çağırışlara unitar formada, tibbi əlcək, tibbi maska, qoruyucu eynək, ya da qoruyucu kaska ilə, koronaviruslu xəstələrin çağırışına isə xüsusi kombinzon geyinmiş halda gedir"

"Belə vəziyyətdə çalışan həkimlərə “həkim gəldi, bizi yoluxdurdu”, demək hansı etikaya sığır?!"

Pandemiyada ən çox əziyyət çəkən və real təhlükə altında olan əlbəttə ki, tibb işçiləridir. Müəyyən məqamlarda onlardan narazı olsaq da, böyük fədakarlıq nümayiş etdirdiklərinin də fərqindəyik. Tibb işçiləri 2 ilə yaxındır koronavirusun əhatəsindədirlər. Təbii ki, yorulurlar. Usanırlar. Hətta bu cür ağır işdən bezib ixtisasına əlvida deyənlər də olur. Məsələn, İranda olduğu kimi. APA-nın Tehran bürosunun xəbərinə görə, İranın Tibb bacısı işçiləri sisteminin İdarə Heyətinin sədri Armin Zareiyan deyib ki, İranda 100 min nəfərdən çox tibb bacısı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. İH-nin sədri bildirib ki, koronavirusa yoluxan tibb bacılarının 30 min nəfəri Tehrandakı xəstəxanalarda çalışıb.

Peyvənd olunmuş 30 tibb bacısı isə koronavirusun “Delta” ştammına yoluxub. Üstəlik, 24 saatlıq fəaliyyət tibb bacılarını yorub və onların depressiyaya düşmək təhlükəsi var. Ekspertlər İranda tibb bacılarının sayının normadan aşağıda olduğu qənaətindədir. Ekspertlər bildirir ki, tibb bacılarının maaşları onların rifahını təmin edəcək həddə deyil. Bu səbəbdən də İrandakı tibb bacıları başqa ölkələrdə xidmət etmək üçün ölkəni tərk edir.
Ölkəmizdə də həkimlərə ehtiyac artıb. Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb. Nazirliyin məlumatında qeyd olunur ki, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə dəvət olunur. 

Məhz təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərə ehtiyac duyması, məsələnin nə qədər mqrəkkəb olduğunu göstərir. Vətəndaşlar təcili yardımdan həmişə narazıdır. Xüsusilə də, hazırkı kritik dönəmdə. Vətəndaşlar bu fikirdədir ki, təcili yardım həkimləri evlərə virus “daşıyır”. Yəni gün ərzində viruslu xəstələrlə kontaktda olan tibb işçiləri çağırışlara getməklə başqalarını da yoluxdura bilər. Amma demə, həkimlər də vətəndaşlardan narazıdır. Bu məsələdə hər iki tərəf özünü haqlı sayır. Lakin sağlamlığımızı yenə də həkimlərə etibar edirik. 

Təcili Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov hazırda həkim-xəstə münasibətlərində qəribə halların baş verdiyini dedi. Həkim-terapevt “Şərq”ə açıqlamasında qeyd etdi ki, tibb işçiləri real təhlükə altında çalışmalarına baxmayaraq vəzifələrindən imtina etmir:

- Baxın, vətəndaş “103” xidmətinə zəng edir. Deyir, təzyiqim var. Təcili Yardım çağırışa gedir.  Vətəndaşın müayinəsi zamanı məlum olur ki, təzyiqi yoxuymuş, amma hərarəti 38 dərəcədir. İndi kim kimi yoluxdurdu? Təcili Yardım briqadası  çağırışlara unitar formada, tibbi əlcək, tibbi maska, qoruyucu eynək, ya da qoruyucu kaska ilə, koronaviruslu xəstələrin çağırışına isə xüsusi kombinzon geyinmiş halda gedir. Təsəvvür edin, gün ərzində briqada 15-20 çağırışa  çıxır. Bu qədər çağırışa kombinezonda getmək bilirsiz nə deməkdir? Bu, yorucu, üzücü bir işdir, psixoloji gərginlikdir. Növbənin sonunda isə həkim briqadası  “dezkamera”dan keçir. Bakı şəhər Dezinfeksiya Stansiyasında bütün geyimini dəyişir, əvvəlki geyimlər dezinfeksiya aparatına verilir, həkim özü də dezinfeksiyaedici məhlullarla yuyunur və geyimini dəyişir. Həkimlər belə bir ağır şəraitdə çalışır. Baxmayaraq ki, növbəlilik prinsipinə riayət edilir, yenə də iş prosesi ağırdır. Belə vəziyyətdə çalışan həkimlərə “həkim gəldi, bizi yoluxdurdu”, demək hansı etikaya sığır?! Həkim də insandır, o da yorula bilər. Görünür, İrandakı tibb bacıları da yorulub. İran isti bir ölkədir, yoluxma sayı da yüksəkdir. 2 ilə yaxın koronavirus xəstələri ilə çalışmaq heç kəsə asan gəlməsin.

Ş.Məmmədov Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu elanı məsələsinə də toxundu:

- Hesab edirəm ki, həkim, tibbi personal çatışmazlığı modul tipli xəstəxanalarda daha çox  hiss edilir.  “COVİD” xəstələrinin müalicəsində reanimatoloqlara, anestezioloq və infeksionistlərə böyük ehtiyac var.  Yoluxma sayı artdığından həkim, tibbi personal çatışmır. Ona görə də SN belə bir elan verib.