Uğursuz adamlar...

Sosial mediadan faciəyə bir addım var

Türkiyəli sosioloq gəncləri qurban verməmək üçün nələri etməli olduğumuzdan danışıb


Selfi çəkdirmənin gözlənilməz və faciəli ölümlərə səbəb olduğu məlum idi, indi də TikTok can alana çevrilib.  İstanbulun Esenyurt bölgəsində gənc qadın Kübra Doğan qohumu ilə birlikdə TikTok üçün video çəkərkən 50 metr hündürlükdən yıxılaraq ölüb. TikTok üçün video çəkmək istədiyi halda, nə yazıq ki, öz ölümünü qeydə alıb. Bu barədə “Milliyyet.com” xəbər verir. Xəbərdə bildirilir ki, Kübra Doğanın ölümü TikTok qaynaqlı ilk ölüm hadisəsidir. Ümid edək ki, birinci və sonuncu olacaq. Lakin mövcud duruma baxdıqda çox da ümidverici görünmür. Selfi çəkdirənlərin başlarına hər cür fəlakətlər gəlir; dağdan aşan kim, dənizdə batan kim, binaların damından, eyvandan yıxılan kim... İndi də TikTok! Mütəxəssislər “insanları, xüsusən də gəncləri bu təhlükələrdən necə qoruyaq” üzərində düşünür. Sosial medianın həyatımıza təsirləri, psixoloji tərəfləri və asılılıq dərəcələri nələrdir? Uşaqları, gəncləri sosial mediaya qurban verməmək üçün nələr etməli? “Sosial media asılılığından necə qorunmalı” sualını türkiyəli sosioloq və tarixçi İsmayıl Öz cavablayıb. İsmayıl Öz sosial media üzərindən paylaşımlara aşırı bağlı olan insanları “bəyənilmə istəyi” ilə əlaqələndirir və bunu özünə inamsızlıq sindromunun əlaməti hesab edir: 

- Xüsusən gənclərin sosial mediaya rahat çıxışlarının olması ağlagəlməz, insan təfəkkürünün sərhədini aşan hərəkət və davranışlara yol verməsinə gətirib çıxarır.

Bu da xoşagəlməz, hətta insanların həyatlarını itirdiyi faciəli hadisələrə səbəb olur. Bəzi insanlarda ruh düşkünlüyü onları ölümlə üz-üzə gətirir. Bəzi insanlar isə özlərini və hansısa bacarıqlarını nümayiş etdirmək üçün sosial mediadan istifadə edirlər.

Elə insanlar var ki, başqalarınadan nəyləsə seçilmək istəyir, bəyənilən, hətta arzuedilən olmaq istəyir, bundan xoşlanır və məhz bunun üçün də sosial medianı özlərinə “yardımçı” bilirlər.

Bu tip insanlar həyatda uğur qazanmayanlar, nailiyyət əldə etməyin yollarını bilməyənlərdir. Sadəcə, diqqət çəkmək istəyirlər. Ölümə “meydan” oxumaqdan, adrenalin hiss etməkdən xoşlanırlar.

Bu tip insanlar bəyənmə toplamaq, təqibçi, izləyici sayının çox olmasını istəyir və bunun üçün də ağalgəlməz hərəkətlərə əl atırlar. Bir çox insan hazırda sosial media ilə “yatıb-qalxır”, həyatını bunun üzərində qurur.

Bu davranışlar həm də zamanında həmin insanların ailədən dəstək almadıqlarını göstərir. Onlar aradıqları dəstəyi və diqqəti valideynlərindən görmədikləri üçün sosial mediadakı “dostları”ndan almağa üstünlük verirlər.

Zaman keçdikcə bu istək artır və insanlar bəyənilmə ehtiyaclarını sosial media timsalında cəmiyyətdən almağa çalışırlar. Valideyn övladının gələcəkdə sosial media “xəstəsi” olmasını istəmirsə, kiçik yaşlarından etibarən uşağa diqqət ayırmalı, onun hansısa hərəkətini təqdir etməli, alqışlamalı, bununla da gələcək mümkün faciələrin önünə keçməlidir.